Cəvizin (qozun) Ön Asiya ilkin mənşə mərkəzinə daxil Azərbaycan qədim domestikasiya tarixinə malikdir. İnsanlar tərəfindən bitkilərin mədəniləşdirmə tarixi 12 min il təşkil etməklə, Azərbaycanda cəvizin becərilməsi tarixi 6...8 min il təşkil edir. Belə qədim becərmə ocağı kimi Naxçıvanın ərazisi çıxış edir. Azərbaycan həm də cəvizin ikinci mədəniləşdirmə mərkəzlərinin yaranmasında mühüm rol oynamışdır. Qədim yunan əlyazmalarında qeyd olunduğu kimi cəviz Avropaya e. ə. (miladdan əvvəl) 750-500-ci illərdə yunanlar tərəfindən Güney Azərbaycandan aparılmış, romalılar isə onu həm qərbə, həm də şərqə dogru yaymışlar. Yüksək ehtimal əsasında güman edilir ki, belə ərazi kimi indiki Azərbaycanın ərazisi Talış və ya Naxçıvan çıxış etmişdir (Şəkil 1.6). Amerika qitəsinə cəvizin XVIII əsrdə Naxcıvanın Ordubad rayonu ərazisindən aparıldığı ədəbiyyatda təsdiqini tapmışdır (Z.A.İbrahimov, 2015).
Azərbaycanın ərazisi fiziki-coğrafi baxımdan 5 vilayət və onların daxilində 12 iqtisadi-coğrafi rayon təşkil edir. Bunlar Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Talış və Naxçıvan vilayətləri olub, Kür-Araz vilayətindən başqa digər dörd vilayətin ərazisində cəviz təbii olaraq yayılmışdır. Əsasən Talış, Böyük və Kiçik Qafqaz dağlarında yayılaraq həm sırf (təmiz, yekcins) qoz meşəlikləri əmələ gətirir, həm də enliyarpaqlı dağ meşələrinin tərkibində digər meşə əmələgətirən cinslərlə qarışıq halda bitir.
Azərbaycanda sırf qoz meşələrinə nisbətən kiçik sahələrdə, torpaqda kifayət qədər nəmlik olan dərələrdə, çay vadilərində və çökəkliklərdə təsadüf olunur. Talış dağlarında daha tez -tez nisbətən böyük sahələrdə təsadüf olunur və bu səbəbdən də bəzi tədqiqatçılar Azərbaycanda cəvizin yalnız İranla həmsərhəd olan Talış bölgəsində təbii yayılmasını qəbul edirlər.