Qida rasionunda azlıq təşkil etməsi heçdə qozun insan orqanizmi üçün az əhəmiyyət kəsb etməsi ilə bağlı deyil. Bunun səbəbi onun ləpəsinin yüksək keyfiyyətə malik olması ilə izah olunur. Cəviz sözün əsil mənasında yağ, zülal və sulu karbonlar konsentratı olub vitaminlər və mikroelementlərlə zəngindir (Şəkil 1.4). Onun ləpəsi kaloriliyinə görə kərə yağından və mal ətindən üstündür, tərkibi insan orqanizmi üçün zəruri olan mineral maddələrlə (kalsium, fosfor, kalium, dəmir, sink, mis, kobalt, maqnezium və s.) və vitaminlərlə zəngindir. 100 qr. qoz ləpəsində 652 kalori olduğu halda bu göstərici badam ləpəsində 622, mal ətində 144, çovdar çörəyində 196 və almada yalnız 46 kalori təşkil edir. Qozun (cəvizin) yağlılığı 58...78 %, zülalın miqdarı 12...25%, sulu karbonlar isə 5...25% təşkil edir.Tərkibi əvəzsiz amin turşuları (35...45%), mineral maddələrlə, vitaminlərlə (А, В1, В2, С, Е, РP və s.) zəngindir.
Yarpaqlarında və yaşıl (yetişməmiş) meyvələrində 3000 mg/% C vitamini vardır ki, bu da sitrus meyvələrindəkindən 100 dəfə çoxdur. Yağı doymamış piylərlə zəngin olub sklerozun qarşısını alır, tərkibində linol və linolin turşuları vardır ki, bunlar da son məlumatlara görə insan orqanizmində kanserogen maddələrin toplanmasının qarşısını alır. Həmin turşular sağlam hüceyrələrin rentgen şüalarına qarşı davamlılığını artırır, sağlam toxumaları şiş metastazından qoruyur. Diyetik və müalicəvi əhəmiyyət kəsb edir. Mədə-bağırsaq və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Mədəaltı vəzin fəaliyyətini tənzimləyir. Belə ki, 4-5 cəvizin ləpəsi yeyildikdə, artıq 20 gündən sonra mədənin turşuluğu normaya düşür.
Xalq təsərrüfatında qoz (cəviz) ağacının bütün hissələri istifadə olunur. Oduncağı yüksək qiymətləndirilir. Yarpağının və yaşıl qərzəyinin tərkibində xüsusi spesifik ətri olan yuqlon (Juglon) maddəsi vardır ki, bu da baytarlıq təcrübəsində mal–qaranın bir sıra xəstəlikdən müalicəsində istifadə edilir.
Qozun yetişməmiş yaşıl meyvələrindən zərif mürəbbə istehsal olunur (Şəkil 1.5), yaşıl meyvələri, yarpağı və oduncağı bir sıra alkoqollu və sərinləşdirici içkilərin istehsalında kon-servant kimi istifadə olunur. Qoz ağacı fitonsid xassəyə malik olub, yarpaqlarının ifraz etdiyi xüsusi maddə mikroorqanizmləri məhv edir. Qoz ağacının cətri altında milçək və qansorucu həşaratlar olmur.
1.2.2. Yayılması və becərilməsi
Yer kürəsində cəvizin üç ilkin təbii yayılma, müxtəliflik və mədəniləşmə (domestikasiya) mərkəzləri mövcuddur: Ön Asiya (Kiçik Asiya, İran, Türkiyə, Güney Qafqaz və Türkmənistan), Orta Asiya (Orta Asiya Respublikaları, Pakistan, Əfqanıstan, Hindistan) və Çin.