7.1. Cəvizin məhsulunun yığılması, emalı və saxlanılması
Cəviz bitkisinin üstün cəhətlərindən biri də məhsulun yığılması, emalı, nəql olunması və saxlanılması üçün xüsusi şərtlərin, şəraitin və bununla bağlı əlavə xərclərin çəkilməsini tələb etməməsidir. Bu səbəbdən də məhsulun maya dəyəri aşağı olur. Meyvəçilikdə ən ağır, daha çox vaxt, əmək və vəsait tələb edən, mexanikləşdirilməsi çətin olan texnoloji əməliyyat məhsulun yığılmasıdır.
Cəviz bağlarında məhsulun tədarükü-yığılması ənənəvi olaraq töküldükdən sonra yerdən (torpağın səthindən) aparılır. Əl ilə məhsul yığımı meyvələr tam yetişərək yerə töküldükdə bir neçə təkrarda aparılır.
Ağac mexaniki qurğunun (hidravlik vibratorların) köməyi ilə silkələnərək (Şəkil 7.1), meyvələrin yerə tökülməsi təmin olunur və sonra yerdən əl ilə yığılır. Xüsusi cəviz yığan maşınlar istehsal olunur ki (seriyalı istehsal olunur), onlar da iş prinsipinə görə 3 sinfə bölünür:
1. Ağacı stambın gövdəsindən tutaraq yalnız silkələyir və meyvələr töküldükdən sonra yerdən əl ilə yığılır;
2. Aqreqat hidravlik qolu ilə gövdəni tutaraq ağacı silkələyir və tökülən meyvələr aqreqat tərəfindən açılmış qəbulediciyə - çətirə tökülərək oradan konteynerlərə yerləşdirilir (Şəkil 7.2);
3. Kombayn tipli aqreqat cərgə arasında hərəkət edərək meyvələrin yığılması və ilkin emalı (qərzəkdən təmizlənməsi) əməliyyatlarını yerinə yetirir. Ağaca yaxınlaşdıqda onu gövdədən tutaraq silkələyir və meyvələr torpağa tökülür. Cərgəarası ilə növbəti ağaca doğru hərəkət etdikdə aqreqatın alt hissəsində yerləşən və aktiv hərəkət edən rotor tipli şotkaların vasitəsi ilə meyvələr vələ (tirə) toplanır və oradan köməkçi şotkaların vasitəsi ilə aqreqatın altından transportyor tipli xəlbirə ötürülür. Xəlbirdən keçərək meyvələr transportyorla qərzək təmizləyən aqreqata verilir və qərzəkdən təmizləndikdən sonra çeşidlənərək (kalibrovka edilərək) konteynerlərə toplanır.
Azərbaycanda birinci sinfə aid olan maşınların istehsalat sınaqları keçirilib və tətbiq olunur. ABŞ-da (Kaliforniya ştatı) cəviz istehsalının həcmi ildə 500 min ton təşkil etməklə məhsulun yığılması və emalında kombayn tipli aqreqatlardan (3 sinif) geniş istifadə olunur.
Tədarük olunmuş meyvələrin uzun müddət qərzəkdə saxlanılması yol verilməzdir.