1.1. Qərzəkli meyvə bitkiləri qrupu ilə ümumi tanışlıq. Qərzəkli meyvə bitkilərinin əsas növləri, onların təsərrüfat əhəmiyyəti və becərilmə tarixi
Qərzəkli meyvə bitkiləri qrupuna cəviz, fındıq, şabalıd, pekan, badam, püstə, fıstıq daxildir (Şəkil 1.1). Bu bitkilər müxtəlif fəsilələrə (ailələrə) və cinslərə aid olan bitkilərdir. Məsələn, cəviz qozkimilər fəsiləsinin qoz cinsinə, şabalıd - fıstıqkimilər fəsiləsinin şabalıd cinsinə, fındıq fındıqkimilər fəsiləsinin fındıq cinsinə, badam gülçiçəyikimilər fəsiləsininin badam cinsinə, püstə isə sumaqkimilər fəsiləsinin püstə cinsinə aiddirlər. Bu qrupa daxil olan meyvə bitkilərinin meyvələrinin yeyilən hissəsi yalançı çəyirdəyin (toxumun) ləpəsi olub həmin çəyirdəyin qərzəyin içərisində yerləşməsinə görə qərzəkli meyvə bitkiləri qrupuna aid edilir.
Qərzəkli meyvə bitkiləri qrupuna daxil olan bitkilərin əsil meyvələri yeyilməyən qərzəkdir. Qərzəklər formasına, quruluşuna və tərkibinə (kondisiyasına) görə fərqlənirlər. Cəvizdə qərzək ətli-lətli olub yetişdikdə quruyaraq çatlayır və cəyirdək (qoz) düşür. Şabalıdın qərzəyi tikanlı, fındığınrı isə dərivari olub cəyirdəyi tam və ya qismən örtür. Badamın qərzəyi yetişməmiş halda ətli olub kal (yetişməmiş) şaftalını xatırladır, yetişdikdə isə quruyaraq dərivarı hala düşərək çatlayır.
Meyvə bitkiləri sırasında qərzəkli meyvə bitkiləri (fındıq, cəviz, şabalıd, püstə, badam və s.) əhəmiyyətli yer tutur. Məhsulun yığılması, daşınması və saxlanması xüsusi şərtlər tələb etməməsi, tez xarab olmayıb uzun müddət qalması, becərilməsinin asanlığı bunları meyvə ağacları sırasında fərqləndirir.
Cəviz, fındıq və şabalıd çərəzdən başqa bir qida olması etibarı ilə də əhəmiyyətlidirlər. Cəviz və fındıqdan keyfiyyətli və dadlı yağ istehsal olunur, cecələri heyvanlara verilir. Şabalıd isə bir çox ölkələrdə (İtaliya, Fransa) çörək yerinə istifadə olunur, ondan un alınaraq çörək bişirilir(Əhməd Rəcəbli, 1966).