Son vaxtlar qərzəkli meyvə bitkilərinin bir qismi üçün (badam, püstə) cavanlaşdırıcı budamanın erkən yay dövründə aparılması da tövsiyə edilir. Bu onunla izah olunur ki, bu dövrdə kəsiləcək hissələrin yerini, böyüməkdə olan zoğlara əsasən daha dəqiq müəyyənləşdirmək mümkündür.
Budamanın qaydası. Düzgün aparılmış budama yaranın tezliklə sağalmasına, itirilmiş hissənin vaxtında bərpasına imkan verir. Budama yüksək səviyyədə sazlanmış alətlərlə (bıçaq, qayçı, mişar) aparılmalıdır. Belə olmadıqda toxumaların didilməsi, zədələnməsi baş verir ki, bu da həmin hissənin məhv olmasına və yaxud da zəif böyüməsinə səbəb olur.
Cavan budaqlar və zoğlar bağ qayçısı və ya bağ bıçağı ilə kəsilir. Kəsim sonuncu tumurcuğun üst tərəfindən arxa tərəfinə doğru, maili xətt üzrə aparılır.
Kəsimin aşağısı tumurcuğun arxa tərəfində onun əsası ilə, yuxarısı isə tumurcuğun təpəsi ilə bir üfüqi xətdə yerləşməlidir. Cavan budaq və zoğlar dibdən kəsilərkən xüsusən ehtiyatlı olmaq tələb olunur. Çünki, onların gövdədən ayrılma bucaqları müxtəlif olduğundan, heç də həmişə düzgün kəsim aparmaq mümkün olmur. Kəsim yeri zoğun və ya budağın gövdəyə birləşdiyi yerdə, tumurcuqların açılması zamanıpulcuqlarının tökülməsindən yaranmış həlqəyə bənzər çıxıntıya görə müəyyənləşdirilir. Kəsimin bundan yuxarı aparılması (kötükcük saxlanması), yatmış və ya əlavə tumurcuqları oyanmasına və çoxlu zoğ əmələ gətirməsinə səbəb ola bilər. Dərin aparılan kəsim isə gövdənin zədələnməsinə və ölü toxumalı oyuğun əmələ gəlməsinə səbəb olur.
Nisbətən yaşlı və yoğun budaqların kəsilməsi zamanı daha diqqətli olmaq tələb olunur. Çünki, düzgün aparılmayan kəsim nəticəsində budaq öz ağırlığı ilə əyilərək qırılır və bu zaman birləşdiyi gövdə və ya skelet budağı da ciddi şəkildə zədələyir. Belə iri budaqlar hissə -hissə kəsilməlidir.
Qərzəkli meyvə bağlarında budama iılərinin mexanikləşdirilməsində müxtəlif maşın, mexanizm və aqreqatlardan istifadə olunur (Şəkil 5.8; 5.9 və 5.10).