Bu üsul müxtəlif sıra budaqların tabeçiliyini təmin etmək, budaqların boyunu nizamlamaq, çətir daxilində seyrəkləşmənin qarşısnıı almaq, budaqlanmanı gücləndirmək və budaqların istiqamətini dəyişdirmək, xəstəliklərlə mübarizə və d. məqsədlə tətbiq edilir.
Gödəltmə budağın 1/4-1/5 hissəsini kəsməklə aparılırsa zəif, 1/3-1/2 hissəsini kəsməklə aparılırsa orta, 1/2 hissədən artığı kəsilirsə güclü adlanır.
Seyrəltmə. Çətir daxilində işıqlanmam optimallaşdırmaq məqsədilə tətbiq edilir.Seyrəlt-mə özlüyündə güclü (budaqların və yaxud çoxillik meyvə budaqcıqlarının 1/2 hissəsi kəsilib götürülür), orta (çətir daxilini kölgələndirən artıq budaqlar, haramı zoğlar və çoxillik meyvə budaqcıqları kəsilib götürülür) və zəif (quru budaq və yaşlı mürəkkəb meyvə budaqcıqları kəsilir) olur.
Bir sıra hallarda seyrəltmə skelet budaqların özlərinin qismən kəsilməsi ilə aparılır. Bu zaman budağın 1/4 hissəsi kəsilirsə bu güclü, 1/5 hissəsi kəsilirsə orta, 1/10 hissəsi kəsildikdə isə zəif budama adlanır.
Budama adı altında meyvə bitkiləri üçün digər cərrahi əməliyyatlar da tətbiq edilir.
Ucvurma. Zoğun budaqlanmasını sürətləndirmək məqsədilə tətbiq edilir. Bunun üçün boyu 15-25 sm-ə çatmış zoğun 2-3 yarpaqlı uc hissəsi qırılır. Zoğun boyu bu zaman 12-15 gün müddətinə dayanır. Zoğun boyu bərpa olunduqdan sonra təzə artım olan hissədə, 2-3 yarpaqdan sonrakı hissə təkrar qırpılır. Bu əməliyyat nəticəsində zoğun il ərzində budaqlanma imkanı artır, yarpaq səthi hər vahid toxuma sahəsi üçün çoxalır və məhsuladüşmə tezləşir. Xüsusən bu üsul kordon formalar üçün geniş tətbiq edilir.
Budamannın vaxtı. Budama ilin bütün fəsillərində aparıla bilər.Meyvə bitkilərinin il ərzində eyni vəziyyətdə qalmayıb, dəyişən iqlim şəraiti ilə bərabər dəyişməsi budamanın xarakterinə də müəyyən təsir göstərir. Payızda, yarpaqların normal fizioloji vəziyyətdə tökülməsi ilə qida maddələrinin çətirin kənarından mərkəzə (gövdəyə) və kökə axımı baş verir. Yazda isə tumurcuqların oyanması üçün kökdən və gövdədən qida maddələri çətirin kənarlarına doğru yönəlir.
Bu fizioloji qanunauyğunluğa əsasən yarpaqsız hissələrin kəsilməsi ilə bağlı budama quru budama adlanır. Bu budama zamanı ehtiyat qida maddələri itkisi çox az olur. Quru budama şaxtalı və yağışlı günlər çıxılmaqla payızda yarpaqların tökülməsindən, yazda tumurcuqların şişməsinə qədər, bütün nisbi sükunət dövrü ərzində aparılır.
İkinci halda, çətir daxilində sıxlıq təşkil edən və düzgün istiqamətlənməyən zoğlar kəsilib atılır və ya məhsula düşməni tezləşdirmək məqsədilə zoğlarda ucvurma aparılır. Bu əməliyyat yarpaqlı hissələrin kəsilməsi ilə bağlı olduğundan yaşıl budama adlanır. Yaşıl budama vegetasiya dövründə aparıldığından və assimilyasiya səthinin azalması ilə bağlı olduğundan, ağacda müəyyən biomorfoloji dəyişikliklərə səbəb ola bilir.
Dağlıq və dağətəyi rayonlarda meyvə bitkilərinin quru budanmasının ən münasib vaxtı erkən yaz sayılır. Çünki qabaqcadan şaxtaların vaxtını və dərəcəsini müəyyənləşdirmək mümkün olmadığından, bitkilərin aldıqları ağır cərrahi əməliyyatdan məhvolma qorxusu meydana çıxa bilər. Nisbətən zəif inkişaf edən və güclü cavanlaşdırma aparılacaq bitkilər də şaxtalar keçəndən sonra, erkən yazda budanmalıdır.