Yüksək tumurcuq oyanması və zəif zoğ əmələgətirmə qabiliyyəti olan sortlar təbii olaraq özləri öz boylarını tənzimləyə bilirlər. Belə sortlar üçün yalnız nizamlayıcı budama aparılır. Ümumiyyətlə isə formaverici budama zamanı əsas məqsəd möhkəm özüllü skelet və müxtəlif sıra budaqların tabeçiliyinin təmin edilməsinə, hər bir skelet budağın rəqabətdən uzaq olmaqla, ayrılmış fəzada düzgün yerləşdirilməsinə nail olmaqdır (Şəkil 5.8).
Nizamlayıcı budama. Ağaclar məhsula düşəndən yüksək məhsulun tükənməyə başladığı dövrə qədər olan müddətdə tətbiq edilir. Adından göründüyü kimi bu budama, boy və məhsulverməni nizamlamaqla, ağacların məhsulvermə dövrünü uzatmağa yönəldilmiş budama növüdür. Nizamlayıcı budama skelet, yarımskelet budaqların və meyvə budaqcıqlarının optimal nisbətinə nail olmağa yönəldilir (Şəkil 5.9).
Məhsula düşmüş bitkilərdə vegetativ boyun getdikcə zəifləməsi prosesi baş verir. Bu isə məlum səbəblərdən ilaşırı məhsuldarlığa gətirib çıxara bilir. Ona görə də, belə bitkilərdə çoxillik (mürəkkəb) meyvə budaqcıqları gödəldilərək cavan (sadə) meyvə budaqcığına çevrilir. Birillik budaqlar gödəldilir, çoxillik meyvə budaqcıqlarının bir qismi isə çiçəkləməni normallaşdırmaq üçün dibindən kəsilib atılır. Nizamlayıcı budama ilə çətirin optimal həcmi qorunub saxlanır, çətirin daxilinin normal hava və işıq rejimi tənzimlənir.
Sağlamlaşdırıcı (sanitar) budama. Bu tip budama əsasən ağaclar tam məhsula düşdükdən sonra aparılır. Bu budamada məqsəd, sıxlıq yaradan, maneçilik törədən, xəstə, zədəli, qurumuş budaqları kəsib atmaqla çətir daxilində hava və işıq rejimini nizamlamaqdır.
Şaxtadan ciddi zədələnmiş hissələr yazda oyanan tumurcuqlara qədər gödəldilir. Mexaniki təsirlərdən zədələnmiş, xəstə və qurumuş budaqlar isə bu hal müşahidə edilən kimi kəsilib atılmalıdır .
Cavanlaşdırıcı budama. Potensial məhsulvermə imkanlarının tükənməyə başladığı və məhsulvermənin ikinci plana keçdiyi beşinci yaş dövründə aparılır. Cavanlaşdırıcı budama qocalmanı müvəqqəti ləngitmək məqsədilə aparılan ağır cərrahi əməliyyatdır. Bu budama, yüksək zoğ bərpaetmə qabiliyyətinə malik cins və sortlar üçün tətbiq edilir.