Budama aparılarkən ilk növbədə sortun meyvəvermə xarakteri, tumurcuqların oyanması, zoğ əmələgətirmə və zoğ bərpaetmə qabiliyyəti nəzərə alınmalıdır.
Eyni zamanda qeyd edilməlidir ki, budama hazır reseptlə deyil, hər bitkinin fərdi xüsusiyyətləri əsas götürülməklə differensləşdilmiş şəkildə aparllmalıdır.
Böyümə və məhsulvermə habitusu. Meyvə bitkilərində generativ tumurcuqların formalaşması vaxtı vegetativ hissələrin və ilk növbədə yarpaq səthinin işləmə intensivliyi ilə sıx bağlıdır. Biologiya bölməsində qeyd edildiyi kimi, çiçək tumurcuqlarının əmələ gəlməsi böyümə konusunda hüceyrə şirəsinin qatılığı ilə birbaşa əlaqədardır. Hüceyrə şirəsi aşağı qatılıqda (0,4-0,5 mol) olduqda vegetativ hissələr böyüyür. Yay dövründə hüceyrə şirəsinin qatılığının 0,55-0,60 mola çatması ilə böyümə dayanır və vegetativ tumurcuqların əsası qoyulur. Əgər bu zaman hüceyrə şirəsinin qatılığı 0,6-0,7 mola qədər yüksələrsə vegetativ tumurcuqlar öz inkişafım dəyişərək generativ tumurcuqlara çevrilir. Bu həddə çatmayan qatılıqda isə vegetativ tumurcuqlarda dəyişiklik baş vermir.
Meyvə bitkilərinin zoğ, birillik və çoxillik hissələrdə meyvəvermə xarakterini bilmək, onların böyümə və meyvəvermə habituslarını müəyyənləşdirməyə imkan verir.
Bir qayda olaraq boy habitusu, meyvəvermə habitusundan asılı və ya onunla sıx bağlı olur. Generativ tumurcuq qısa meyvə budaqcığının təpəsində (cəviz) və ya yanında(fındıq) yerləşirsə, adətən boy məhdud olur. Belə xarakterli bitkilərdə çətir əsasən daha yığcam və sıx olur. Uzun boy artımlarında məhsul verən (badam, pustə) bitkilərində isə əksinə, çətir seyrək və dağınıq olur.
Müvafiq olaraq birinci halda tətbiq olunacaq budama ilə, ikinci halda aparılacaq budama üsulları və dərəcələri fərqli olur. Əgər çiçək tumurcuğu uzun boy artımının böyründə (yan tərəfində) yerləşirsə, bu halda da onun, zoğun əsasında, ortasında və ya sonuna yaxında formalaşmasından asılı olaraq zəif, orta və yaxud güclü budama tətbiq edilə bilər. Qeyd olunanlar meyvə bitki cinslərinin meyvəvermə xüsusiyyətlərinin dəqiq öyrənməsini tələb edir [7,8].
Budamanın ağacın yaşından və məqsəddən asılı olaraq aşağıdakı dörd növü mövcuddur [7,8]:
Formaverici budama. Bu budama növü cavan bağda ağaclar məhsula düşənə qədər tətbiq edilir. Məqsəd, qəbul edilmiş sxem əsasında ağacda müəyyən çətir yaratmaq, skelet və meyvə budaqcıqlarının optimal nisbətinə və yerləşmə nizamına nail olmaqdır. Yaxşı formalaşmış meyvə bitkisi dayağa ehtiyac olmadan sıx əkililərdə 100 kq, seyrək əkililərdə isə 500 kq-a qədər məhsulun ağırlığına davam gətirməlidir. Formaverici budama həm də məhsula vaxtında düşməni təmin edən vasitədir. Cavan ağacların güclü budanması məhsula düşməni ləngidir. Zəif tumurcuq oyanmasına malik olan sortlarda budama aparılmadıqda skelet budaqların və çətirin mərkəzinin lütləşməsi baş verir, məhsul sürətlə mərkəzdən kənara doğru istiqamətlənir. Belə tipli ağaclarda birillik hissələr mütləq gödəldilməli və tumurcuqların oyanması üçün şərait yaradılmalıdır. Yüksək tumurcuq oyanmasına və yüksək zoğ əmələgətirmə qabiliyyətinə malik sortlarda çətir daxilində sıxlaşma getdiyindən, belə bitkilərdə yalnız seyrəltmə aparmaqla kifayətlənmək lazımdır. Çünki budaqların gödəldilməsi çətirin daha da sıxlaşmasına səbəb ola bilər.