Bu qrupa simazin, atrazin, propazin və prometrin daxildir.
Bu herbisidlər suda həll olunduqdan sonra alaq otları cücərənə qədər torpağa çilənir. Hər hektara, tumlu meyvə bitkiləri üçün 3-10 kq təsiredici maddə hesabı ilə herbisid verilir. Torpağınqranulometrik tərkibindən asılı olaraq yüngül qranulometrik tərkibli torpaqlarda norma az, ağır torpaqlarda isə çox götürülür. Çoxillik alaq otlarını məhv etmək üçün təsiredici maddə hesabı ilə 10-25 kq/ha dalapon və ya natrium trixlorasetat çilənir.
Kontakt tipli herbisidlərdən daha səmərəlisi reqlon sayılır. Nisbətən az doza ilə (hektara 2-3 kq) tətbiq olunan bu herbisid, torpaqda 1-1,5 ay müddətində öz təsir gücünü saxlayır.
Qərzəkli meyvə bağında hər hektara təsiredici maddə hesabı ilə karaqard preparatı ilə çiləmə çoxillik alaq otlarını-çayır, ayrıqotu, şeytan qanqalı, ot sarmaşıq, qaratərə və xaççiçəkli alaq otlanını məhv edə bilir.
Herbisidlərin təsiri torpağın tipindən, onun rütubətlənmə və temperatur şəraitindən, fiziki xüsusiyyətlərindən, həmçinin alaqların yaşından, növ tərkibindən və d. amillərdən asılı olaraq müxtəlif olur.
Herbisidlərdən uzun müddət istifadə etdikdə, onlar torpaqda toplanır. Herbisidlərdən istifadə zamanı, onların əsas bitkilərin kök sisteminə, ştambına, budaqlarına, yarpaqlarına düşməsinə yol vermək olmaz. Çünki onların çox qismi əsas bitkilərə də (xüsusən cavan ağaclara) öldürücü təsir göstərə bilir. Bunları nəzərə alaraq meyvə bağlarında herbisidlərin tətbiqi bağ salındıqdan 4-5 il sonra aparılmalıdır.
5.8. Ağacların budanması. Məhsuldar bağda tətbiq olunan budama növləri, boy və məhsuldarlığın nizamlanması, budamanın dərəcəsi, vaxtı və qaydası
Meyvə bitkilərinin uzun müddət və keyfyyətli məhsul vermələri üçün onlar vaxtaşırı budanmalıdır. Qədim Roma filosofu, aqronomiya bilicisi Kolumella budamanın xüsusi rolunu qeyd edərək yazırdı [7,8]:
Budama - ağır cərrahi əməliyyatdır. Cinsin, sortun morfoloji quruluşunu, onun bioloji xüsusiyyətini və müxtəlif təsirlərdən (yaş, calaqaltı, ekoloji amillər, aqrotexnoloji qulluq və s.) onun dəyişməsini nəzərə aldıqda budama istənilən nəticə verə bilər.
Budama zamanı buraxılan hər hansı bir səhv, çox ağır nəticələrə gətirib çıxara bilir. Ona görə də budama kifayət qədər səriştəli və təcrübəli mütəxəssislər tərəfindən aparılmalıdır.