Mineral gübrələr və həmçinin əhəng, gips НРУ-0,5, РОУ-0,5, РМГ-4, РМГ-5A, РТТ-4,2A, üzvi gübrələr isə РТУ-4, РСУ-4 və РОУ-6 markalı maşın və mexanizmlərlə torpaq səthinə səpildikdən sonra şumlanaraq torpaqla qarışdırılır.
Bərk gübrələr, torpağın köklər yerləşən dərin qatlarına РУХ-2 maşını ilə, həmçinin ПРВН-17A aparatı ilə verilir. Bu halda ПРВН-2,5A, МКУ-2 və ya ПРВМ-3 aqreqatı ilə şırımlar, çalalar açılır və gübrələr həmin bölgəyə verilərək örtülür. Duru gübrələr isə КСГ-5 kultivatoruna qoşulmuş çiləyici borularla torpağa verilir. Belə borular, kultivatorun üzərində bərkidilmiş maye daşıyıcısından, gübrəni pəncələrin açdığı şırımlara və gövdəətrafı zonaya çiləyir.
Son vaxtlar daha mükəmməl sayılan və kökləri zədələmədən, lokal şəkildə, torpağın 40 sm-ə qədər dərinliyinə gübrə vermək imkanı olan МГУС-2,5 qurğusundan istifadə edilir.
Suvarılan bağlarda bəzən gübrələr suvarma arxları ilə də verilir.
Suda həll olunmuş gübrələr, kökdənkənar yemləmə şəklində də verilir. Meyvə bitkilərinin bütün hissələri yüksək sorma qabiliyyətinə malik olduğundan, bu üsulla gübrələmə elementlərin tez bir zamanda mənimsənilməsinə səbəb olur. Yarpaqların zərif və həssas olduqlarını nəzərə alaraq, onlarda yanıq yaranmasın deyə, qida elementləri ilə çiləmə günün sərin vaxtında - səhər və axşam aparılmalıdır. Bu məqsədlə ОМБ-1200 və ОМ-630 markalı çiləyicilərdən istifadə edilir.
Kökdənkənar yemləmə üçün gübrələrin aşağıdakı kəsafəti məsləhət görülür: N 0,6-1,0%; K 0,9-1,2%; Mg 1,8-2,2%; Fe 1,8-2,2%; Sn 0,5-1,5%.
Gübrələmə norması. Gübrələmə norması torpaqdakı qida elementlərinin miqdarından, qulluq texnologiyasının səviyyəsindən, cərgəarasının saxlanma sistemindən, su ilə təminatdan, iqlim şəraitindən, bitkinin bioloji xüsusiyyətləri, yaşı, əkinin sıxlığı və planlaşdırılan məhsuldan asılı olaraq dəyişir.
Müəyyən olunub ki, məhsuldarlığı 80-100 ton olan bağın hər hektarından ildə 80-100 kq N, 25-40 kq P, 120-150 kq K mənimsənilir.
Gübrələrin istifadə əmsalını (N üçün 60-80%, P 15-30% və K 50-65%) bilməklə gübrə normasını hesablamaq mümkündür. Gübrə normaları elə planlaşdırılmalıdır ki, qida elementləri torpaqda optimal miqdarda saxlanıla bilsin.
Torpaqda qida elementlərinin miqdarını müəyyənləşdirmək məqsədiilə 0-60 sm-lik torpaq qatında aqrokimyəvi təhlillər aparılır. Bu təhlillər əsasında meyvə bitkiləri üçün ümumi qəbul edilmiş qaydaya əsasən, torpaqda mənimsənilən P və K-un normativ miqdarına uyğun olaraq gübrə normalan hesablanır. N üçün sabit göstəricilər olmadığından hər konkret sahə üçün ayrıca torpaq təhlilləri aparılmalıdır. Gübrə normalarına, vegetasiya dövründə, tam formalaşmış yarpaqlarda qida elementlərinin miqdarına uyğun olaraq düzəliş vermək mümkündür.
Yarpaq diaqnostikası zoğların boyunun zəiflədiyi dövrdə (iyunun sonu, iyulun əvvəli) aparılır. Bunun üçün tam formalaşmış 40-50 ədəd yarpaq götürülür, onlar 50-60 °C temperaturda qurudulur və xırdalanaraq kimyəvi təhlillər üçün hazırlanır. Alınmış nəticələrə əsasən, yarpaqlarda elementlərin faktiki miqdarının normaya nə dərəcədə uyğun olduğu aydınlaşdırılır.
Faktiki təhlil nəticələrinə uyğun olaraq gübrə normalarına düzəliş verilir.