Azotlu gübrələr. Torpaqda olan azot ehtiyatı əsasən üzvi birləşmələr şəklində olduğundan o, bitkilər tərəfindən mənimsənilə bilmir. Torpaqda mineral azot çox az miqdarda (0,08-0,45%) olduğundan azotlu mineral gübrələrdən istifadə geniş tətbiq edilir. Meyvəçilikdə geniş istifadə edilən azotlu gübrələr aşağıda verilir.
Ammonium-nitrat (ammonyak şorası). Fizioloji turş gübrədir. Tərkibində eyni nisbətdə 34% ammonyak (NH4) və nitrat (NO3) azotu olur. Yüksək dərəcədə hiqroskopik gübrədir. Suda asan həll olur. Partladıcı xüsusiyyətə malikdir. Ən çox turş olmayan torpaqlar üçün məsləhət görülür.
Natrium şorası (natrium nitrat, çili şorası). Ağ rəngli kristaldır. Zəif hiqroskopikdir. Tərkibində 16%-dən az olmayaraq azot olur. Qələvi xüsusiyyətlidir. Ən çox turş torpaqlar üçün məsləhət görülür.
Kalsium şorası (kalsium nitrat). Tərkibində 17,5%-dən az oimayaraq azot olur. Yüksək hiqroskopikdir. Qələvi xüsusiyətlidir. Turş torpaqlar üçün məsləhət görülür.
Ammonium-sulfat. Ağ rəngli kristal duzdur. Tərkibində 20,8-21% azot olan bu birləşmə suda asan həll olur. Fizioloji turş gübrədir. Buna görə də turş olmayan torpaqlar üçün məsləhət görülür.
Susuz ammonyak. Maye halında azot gübrəsidir. Tərkibində 82% azot var. Yüksək hiqroskopikdir. Bütün torpaqlar üçün istifadə edilə bilər. Torpaqda qaz halına keçərək torpaq rütubəti ilə ammonium-hidroksid yaradır. Bu gübrə xüsusi maşınlarla 10-12 sm dərinliyə verilir.
Ammonyaklı su. Tərkibində 18-20,5% azot olan bu birləşmə, torpağa FAH-8 markalı xüsusi maşınla verilir. Herbisidlərlə birlikdə verildikdə, həm alaq otları məhv edilir və həm də əsas bitkilər azotla təmin edilir.
Karbamid (sidik cövhəri). Tərkibində 46% azot olan bu üzvi gübrə yüksək hiqroskopikliyə malik olub nitrifikasiya prosesi keçdikdən sonra torpaq reaksiyanın turşuluğunu artırır. Turş olmayan torpaqlar üçün məsləhət görülür.
Fosforlu gübrələr. Fosfor torpaqda sərbəst halda deyil, birləşmələr şəklində rast olunur. Fosfor gübrələri ortofosfat turşusunun kalsium duzlarıdır. Fosforlu birləşmələr də torpaqda əsasən mənimsənilməyən formada olduqlarmdan bu elementin süni yolla torpağa verilməsi tələb olunur. Meyvəçilikdə istifadə olunan fosforlu gübrələr təsvir olunur.
Adi superfosfat. Tərkibində fosforun (P2O5) miqdarı 19-20% təşkil edən bu gübrə toz və dənəvər halda buraxılır. Torpaqda zəif hərəkət edən vəziyyətə asanlıqla keçir. Bütün torpaq tipləri üçün istifadə edilə bilər. Lakin turş torpaqlarda yüngül həll olan formalar, torpaq hissəciklərində möhkəmlənərək çətin həll olan formaya çevrilir. Ona görə də turş torpaqlarda bu gübrə verilməzdən qabaq torpaq əhənglənməlidir.
İkiqat superfosfat. Tərkibində fosforun miqdarı 42-49% olan bu birləşmə suda asan həll olur. Adi superfosfatda olduğu kimi bu gübrə də torpaqda turşuluğu artırır, asanlıqla zəif həll olan formaya keçir. Lakin adi superfosfata nisbətən daha çox təsiredici maddəyə malik olduğundan, təsərrüfat üçün iqtisadi cəhətdən sərfəli sayılır.
Kaliumlu gübrələr. Azərbaycan torpaqlarında kaliumun miqdarı kifayət qədər olmasına baxmayaraq, onun mənimsənilən formada olmaması bu gübrəyə olan ehtiyacı xeyli artırır.