Bu gün fındıq bağlarının salınması Lerik və Yardımlıda, Gəncə-Qazax bölgəsi rayonlarında vüsət almışdır. Respublikada mövcud olan min hektar badam bağlarının 600 hektarı Abşeronun payına düşür. Badam və püstə bağlarının yaradılması Kür-Araz ovalığında davam etdirilir.
Qərzəkli meyvə bitkilərinin əkinlərinin genişləndirilməsi, sənaye əhəmiyyətli bağların yaradılması və becərilməsi, əmtəə dəyəri yüksək olan məhsul istehsalının təmin olunması ilk növbədə yüksək peşə hazırlığı olan mütəxəssislərin hazırlanmasını tələb edir.
Təhsilalanlar əldə etdikləri məlumatların köməyilə nəzəri və təcrübi biliklərini genişləndirə və əldə etdikləri bilikləri gələcəkdə təsərrüfat fəaliyyətlərində tətbiq edə bilərlər. Modulda meyvə bitkiləri sırasında xüsusi yeri olan qərzəkli meyvə bitkilərinin bağlarının becərilməsi, məhsulun yığılması, saxlanılması və satışının təşkilindən bəhs edilir.
Modul yeddi bölmədən ibarətdir. Bölmələrdə qərzəkli meyvə bitkilərinin bioloji və ekoloji xüsusiyyətləri, tinglik təsərrüfatının təşkili və vegetativ çoxaldılmış əkin materialının yetişdirilməsi, qərzəkli meyvə bağının yaradılması texnologiyası, qərzəkli meyvə bağına qulluq və məhsul istehsalı texnologiyası, qərzəkli meyvə bağlarında mühafizə tədbirləri, məhsul yığımı, saxlanılması və satışının təşkili barədə ətraflı biliklər verilir. Hər bölmənin sonunda mövzuya aid praktiki tapşırıqlar və nəzəri biliklərin qiymətləndirilməsinə dair suallar verilmişdir.
Ümid edirik ki, bu modul qərzəkli meyvə bitkilərinin bağlarının yaradılması və becərilməsi üzrə ixtisaslaşan təhsilalanlar üçün faydalı olacaq. Modulda qərzəkli meyvə bitkilərinin becərilməsinə dair həm nəzəri, həm də praktiki biliklər verilir. Bu moduldan ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun hesab edilir.