Hüceyrə divarının əsas materialı olmaqla fermentlərin fəallığına təsir göstərir. Kalsium pektin maddələri birləşmələri ilə birlikdə membranın tərkibinə daxildir. Sulu karbonların hərəkətini tənzimləyir. Kalsiumun çatışmazlığı kök tükcüklərinin əmələ gəlməsini ləngidir və nəticədə kökün fəaliyyəti pozulur. Kalsiumun artıqlığı (xüsusilə də karbonatlı torpaqlarda) xloroz xəstəliyinə səbəb olur.
Maqnezium. Xlorofil, fitin və pektinin tərkibinə daxildir. Fotosintez prosesində fosfatazanın fəallığın artırır. Nuklein turşularının və bir sıra vitaminlərin sintezində, həmçinin karbohidrat mübadiləsində fermentlərin fəaliyyətini gücləndirir. Maqnezium çatışmadıqda azotlu birləşmələrin sintezi zəifləyir, zoğun əsasına yaxın olan yarpaqlarda boz ləkələr əmələ gəlir, yarpaqlar vaxtsız tökülür və meyvələr xırdalaşır.
Kükürd. Bütün zülalların, bir qrup amin turşularının, vitaminlərin tərkibinə daxildir. Oksidləşmə-reduksiya prosesində böyük əhəmiyyət kəsb edir. Kükürd azlığı, azot azlığında olan əlamətləri xatırladır.
Dəmir. Xlorofilin zülali birləşmələrinin tərkibinə daxil olmasa da onların əmələ gəlməsində vacib rol oynayır. Yaşıl piqmentlərin sintezində iştirak edən bir qrup fermentlərin tərkibinə daxildir. Mürəkkəb üzvi birləşmələrin oksidləşmə və bərpa prosesini tənzimləyir, tənəffüs prosesində vacib rol oynayır. Dəmirin çatışmaması boy maddələrinin sintezini ləngidir, yarpaqların rəngi saralır. Dəmirin azlığından, xüsusilə karbonatlı torpaqlarda becərilən bitkilər çox əziyyət çəkir.
Mikroelementlər. Bor. Bir sıra həyati proseslərin sürətləndiricisi sayılır. Bor çatmadıqda meyvənin lətində və qabığında sarı-qonur rəngli mantarlaşmış təbəqə əmələ gəlir, yarpaqlar saralır və məhv olur. Bor aclığı simptomu 1 kq quru yarpaqda 4 mq-dan az olduqda baş verir [7,8].
Manqan. Oksidləşmə-reduksiya prosesində, o cümlədən fotosintez və tənəffüslə bağlı reaksiyalarda, molekulyar (N2) və nitrat (NO3) azotun mənimsənilməsində, xlorofilin yaranmasında fəal iştirak edir. Manqanın çatışmazlığı yarpaqlarda xloroz xəstəliyinə səbəb olur. Manqan qıtlığı 1 kq quru yarpaqda 10 mq-dan az manqan olduqda baş verir.
Mis. Fermentlərin tərkibinə daxil olur, nitratların bərpasında iştirak edir. Mis çatmadıqda zoğun ucundakı yarpaqlar solur, buğumaraları qısalır, zoğun ucu soluxur və aşağı əyilir. Meyvələr xırdalaşır, keyfiyyəti aşağı düşür. Çəyirdəkli meyvə bitkilərində qabıq partlayır, kitrə axımı baş verir. Mis qıtlığı, xüsusən güclü peyin və azot verilən sahələrdə özünü büruzə verir. Mis çatışmazlığı 1 kq quru yarpaqda 4 mq-dan az mis olduqda baş verir.
Sink. Meyvə bitkiləri üçün vacib element sayılır. Sink çatmadıqda yarpaqlar xırdalaşır, tökülür, buğumaraları qısalır, zoğlar nazilir, meyvələr eybəcər hala düşür. 1 kq quru yarpaqda 6 mq-dan az sink olması bu elementin qıtlığını göstərir.
Molibden. Nitratreduktaza fermentinin tərkibinə daxildir. Azot mübadiləsində iştirak edir. Bu element, zülalın sintezi və mübadiləsində, nitratların bərpasında yaxından iştirak edir. Molibden çatmadıqda yarpaqlarda ağ ləkələr əmələ gəlir, sonra yarpaqlar sarı rəng alır, yarpağın kənarı içəriyə doğru qıvrılır. Molibden azlığı toxumalarda nitrat azotunun artmasma səbəb olur. Meyvə bitkiləri, xüsusən turş reaksiyalı çimli-podzol, boz meşə torpaqlarında (alüminium, dəmir və manqan çox olduğundan) molibden mənimsənilməyən formada olur və bu elementə böyük ehtiyac duyulur.