Dağlıq və dağətəyi rayonlar üçün bu sistem daha əlverişlidir. Quba rayonu ərazisində bu sistemin yüksək səmərəliliyi O.Ə.Orucov tərəfindən sübut edilmişdir.
Herik-sideral sistemi. Vegetasiyanın birinci yarısında, əsas bitkiləri rəqabətdən azad etmək üçün sahə qara herik altında saxlanılır, yayın sonunda isə normal suvarma fonunda sahəyə qısa vegetasiya dövrünə malik olan müxtəlif otlar (xardal, noxud, lobya, çöl noxudu ilə payızlıq çovdar) səpilir. Otlar çiçəkləyən ərəfədə və ya paxla əmələ gətirən dövrdə şumdan qabaq biçilib sahəyə tökülür, yaxud da vərdənə ilə yastılaşdırılaraq şumlanır.
Bitkili-herik və ya müvəqqəti çimləmə. Çəmən və qara herik sisteminin üstün cəhətlərini birləşdirir. Cərgənin biri növbə ilə 2-3 il müddətinə qara herik, digəri isə həmin müddətə çoxillik ot altında saxlanılır. Ot hər il biçilib sahədən çıxarılır. Sonra sahə şumlanır və qara heriyə çevrilir. Qara herik sahəsinə isə ot səpilir. İntensiv tipli meyvə bağları üçün normal rütubətli şəraitdə yüksək səmərəli sistemdir.
Çim-çürüntü sistemi. Normal suvarma fonunda intensiv bağlar üçün ən perspektivli sistemdir. Cərgəaraları çoxillik ot, cərgə özü isə (gövdəətrafı) qara herik altında saxlanır. Ot biçilir, xırda doğranır və sahəyə tökülür. Bir neçə vaxtdan sonra torpaqda təbii çürüntü yarandığından o, üzvi mulçaya çevrilir. Vegetasiya dövründə otlar 15-20 sm-ə çatdıqca KHP-1,5 markalı ot biçən maşınla biçilir və doğranır.
Torpaqda toplanmış üzvi qalıqlar rütubətin təbəxxürünü (buxarlanmasını) azaldır, mikroorqanizmlərin həyat fəaliyyətini yaxşılaşdırır ki, bu da ağacların boy və məhsuldarlığnıı stimullaşdırır.
Bu sistem həm bütöv bağ sahəsi üçün, həm də cərgədən bir tətbiq edilə bilir. Müxtəlif sistemlərdə çoxillik otlar aşağıdakı normalarla səpilə bilər (kq/ha): Payızlıq noxud - 130-160, Çöl noxudu və yulaf - 100-120+50-60, Payızlıq çöl noxudu və çovdar - 100-120+100-120, Noxud və yulaf- 120-150+50-60, Xardal-18-20, Qarabaşaq- 120, Acıpaxla (lüpin) (ağ, sarı, göy, ensizyarpaq) - 180-220, Sarı acıpaxla və yulaf-150-180+50-60, Payızlıq çovdar - 120-140,Lobya- 14-16, Xırda toxumlar 2-3 sm, iri toxumlar isə 4-6 sm dərinliyə səpilir.
Torpağın becərilməsi rütubətin toplanmasına, onun qorunmasına, alaqlarla mübarizəyə, torpağın mikroflorasının yaxşılaşdırılmasına, xəstəlik və zərərvericilərin məhv edilməsinə yönəldilmiş texnoloji qulluqdan ibarət olur. Bu məqsədlə torpağın əsas becərilməsi üsullarından biri payız şumudur. Payız şumu yarpaq tökülməzdən 20-25 gün qabaq aparılır. Uca boylu calaqaltılar üzərində calanmış tumlu meyvə bağlarında 18-20 sm, zəif boylu calaqaltılara olan tumlu meyvə bitkiləri, çəyirdəkli və bəzi subtropik meyvə bitkiləri nar, əncir, innab altında olan sahələrdə 16-18 sm dərinlikdə aparılır. Gövdəətrafı zonada və həmçinin səthi kök sistemi yaradan bir qrup meyvə bitkilərinin - xirnik, feyxoa, sitruslar və giləmeyvəlilərin cərgəaralarında şumun dərinliyi 10-14 sm təşkil etməlidir.
Şumun yarpaq tökülməzdən qabaq aparılmasında məqsəd, mexaniki təsirdən zədələnmiş köklərin, şaxtalar düşənə qədər bərpa olunmasına şərait yaratmaqdır.
Şumun aparılması üçün T-54 və ya «Belarus» traktoruna qoşulmuş ПСТ-3-30A və ПСТ-4-30 markalı bağ kotanı, həmçinin mala qoşulmuş ПЛС-5-25A markalı bağ kotanı istifadə olunur.Yaz-yay dövründə torpağın becərilməsi mala və kultivatorlarla aparılır.