8-ci ildə isə olan budaqları əvəz edəcək miqdarda zoğ saxlayırlar. 9-cu ildən başlayaraq budaqlardan hər il birini kəsib yerinə buraxılmış cavan zoğları qoruyurlar. Elə ki, bir neçə ildən sonra bitki tamamilə cavanlaşır və məhsulun arası kəsilmir.
Çox qocalmış fındıqlığı birdən də cavanlaşdırmaq olar [12]. Onda qocalmış fındıq bağmı beş hissəyə bölürlər. Hər il bir hissədə olan kolları torpaqdan 30-40 sm hündür yerlərdən tamamilə baltalayırlar. Bu üsulda axırıncı hissə budandıqda, budanmış hissə meyvə verməyə başlayır. Beləliklə, təsərrüfatda hər il ancaq fındıqlığın 1/5-i cavanlaşır. 5 il müddətində məhsulun arası kəsilməyərək bağ tamamilə cavanlaşır. Məhsul verməyə başladıqdan sonra gələcək qoca budaqları əvəz etmək üçün hər il bir neçə ədəd yeni pöhrələr saxlanılır (Ə.C.Rəcəbli, 2010).
5.5. Məhsuldar bağa qulluq
5.5.1. Torpağın saxlanması sistemi və becərilməsi texnologiyası
Məhsuldar bağ, ilk əmtəəlik məhsulvermə dövründən ağacların potensial məhsulvermə imkanlarının tükənməyə başladığı dövrə qədər olan vaxtı əhatə edir. Bu müddətdə həm torpağa və həm də ağaclara olan qulluq işləri cavan bağdan kəskin şəkildə fərqlənir.
Torpağın saxlanmasi sistemi və becərilməsi texnologiyası. Ağaclar məhsula düşdükdən sonra cərgəaralarından istifadə tamam dayandırılır və cərgəaraları əsas bitkilərin normal inkişafmı təmin edə biləcək sistemlərdən biri altında saxlanır.
Bu sistemlərin hər hansı birinin tətbiqi cinsin bioloji xüsusiyyətindən, təbii şəraitdən, təsərrüfatın iqtisadi və təşkilatı səviyyəsindən asılı olaraq tətbiq edilə bilər.
Qara herik sistemi. Torpağın alaqlardan təmiz, yumşaq şum altında saxlanmasını nəzərdə tutan becərmə sistemidir. Bu sistemdə torpağın su, hava və temperatur rejimi yaxşılaşır, köklərin rəqabətdən azad olması isə onların daha geniş sahə tutmalarına imkan yaradır. Qara herik altında, çoxillik ot bitkiləri sistemi ilə müqayisədə, suya 30-40% qənaət olunur. Ağacların boyu və meyvələrin kütləsi artır. Lakin uzun müddətli qara herik torpağın strukturunun pozulmasına, onun yuyulmasına, humusun azalmasına, mikroorqanizmlərin həyat fəaliyyətinin zəifləməsinə səbəb olur. Xüsusən maşın və mexanizmlərin hərəkəti, şumun alt qatında su keçirməyən «döyənək» əmələ gəlməsinə səbəb olur ki, bu da köklərin inkişafını məhdudlaşdırır. Ona görə də qara herik sistemi, bağlarda 3-4 ildən artıq dövr üçün məsləhət görülmür.
Çəmən sistemi. Sahə başdan-başa çoxillik ot bitkiləri altında saxlanılır, ot biçilərək sahədən çıxarılır. Yalnız gövdə ətrafı bellənir və şum altında saxlanır.
Çəmən sistemi təbii və süni tipli ola bilər. Təbii çəmən sistemində sahə təbii əmələ gəlmiş otlar altında saxlanır. Süni tipli çəmən sistemdə isə sahəyə müxtəlif otlar (rayqras, topal, qara yonca, üçyarpaq yonca, xaşa və s.) səpilir.
Çəmən altında saxlanan torpaqda mikroorqanizmlərin fəaliyyəti güclənir, üzvi birləşmələrin kütləsi çoxalır, torpağın qızmasının və yuyulmasınm qarşısı alınır, qrunt sularının səviyyəsi aşağı düşür, meyvələrin keyfiyyəti yaxşılaşır, onların saxlanması müddəti uzanır.
Lakin çoxillik otlar əsas bitkilərin suyuna və qidasına şərik çıxdığından bu sistem, yalnız kifayət qədər su və qida ilə təmin olunan şəraitdə yaxşı nəticə verir.