Qeyd olunan torpaqüstü suvarma üsullarında həddindən artıq su sərfi olduğundan onlar müasir intensiv bağçılığın tələblərinə cavab vermir. Ona görə də daha mütərəqqi üsullar işlənib hazırlanmışdır.Su sərfinin azaldılmasına yönəldilən üsullar aşağıdakılardır [7,8]:
Süni yağışyağdırma. Bu üsulda suvarma, stasionar və ya müvəqqəti borular vasitəsilə aparılır. Yağış yağdırmaq üçün gödək şırnaqlı ДДА-100МА, orta şırnaqlı КИ-50, «РАДУГА», ДШ-25/300, uzun şırnaqlı ДДН-70, ДД-30, ДДН-100, ДД-80, ДЧП-30 və d. qurğulardan istifadə edilir. Süni yağışyağdırmanın üstün cəhətləri kimi onun müxtəlif relyefə malik, qrunt suları üzdə olan sahələrdə istifadə edilməsinin mümkünlüyü, su sərfinin nizamlanması, havanın quraqlığının aradan qalxması, yarpaqların yuyulması, tozun yatması və s. göstərmək olar. Eyni zamanda qeyd edilməlidir ki, bu halda havanın nisbi rütubətliyinin artması ilə göbələk xəstəliklərinin inkişafı da sürətlənə bilir. Bu halda qabaqcadan mübarizə tədbirləri işlənib hazırlanmalıdır.
Damcı ilə suvarma. Hər cərgədə ştamb hündürlükdə sintetik suvarma boruları quraşdırılır. Hər boru üzərində gövdəyə yaxın hissədə 2-4 ədəd əmzik tipli damcıladıcı bərkidilir. Filtrdən keçmiş su təzyiqlə bu borulara verilir. Daimi olaraq gövdə ətrafına bu borulardan tökülən damcılar torpağın 20-40 sm-lik qatının rütubətlə təmin olunmasına şərait yaradır. Bu üsulda suya yüksək dərəcədə qənaət edilir. Lakin damcı ilə suvarma, yalnız səthi kök sistemi yaradan, törə və qismən orta boylu klon calaqaltılar üzərində becərilən bitkilər üçün əlverişli sayılır.
Torpaqdaxili suvarma. Bu üsulda köklərin əsas kütləsinin yerləşdiyi zonaya plastik kütlədən və ya farfor tipli materialdan hazırlanmış suvarma boruları yerləşdirilir. Su, bu borularla axıdılır və böyük təzyiqlə, xırda məsaməli tordan torpaq sahəsinə püskürdülür. Bəzi hallarda təzyiqsiz, torpağın sorucu gücünə əsaslanan axımdan da istifadə edilir. Böyük perspektivi olan mütərəqqi suvarma üsulu hesab edilir.
Ümumiyyətlə, istər torpaqüstü və istərsə də süni yağışyağdırma üsulları ilə suvarma zamanı torpağın rütubətliyi (əsasən ağır qranulometrik tərkibli torpaqlarda) 80% səviyyəsində saxlanmalıdır.
Suvarmanın vaxtı və sayı. Suvarmanın vaxtı vegetasiya dövründə hər 10 gündən bir torpağın 1 metrlik qatında rütubətin miqdarını təyin etməklə müəyyənləşdirilir [7,8].
Torpağın rütubətliliyi müxtəlif üsullarla (termostat - çəki, piknometr, bioiqlim, fizioloji və s.) təyin edilir. Bunlardan daha dəqiq və operativ məlumat verəni radioaktiv üsul - neytron rütubət ölçən (NİV-2) hesab edilir. Bu cihazla 2 dəqiqə ərzində 30, 60 və 90 sm-lik qatlar üzrə rütubətlənmə səviyyəsini dəqiqliklə (2,5%) müəyyənləşdirmək mümkündür. Ümumiyyətlə suvarma vaxtı, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq, elmi-tədqiqat müəssisələri tərəfındən məsləhət görülmüş normativ suvarma cədvəli əsasında müəyyənləşdirilir.
Suvarmanın sayına və onun normasına torpağın qranulometrik tərkibi, ağacların yaşı, cərgəaralarının saxlanma sistemi, calaqaltının tipi də təsir göstərir.
Ağır qranulometrik tərkibə malik torpaqlarda, ucaboylu calaqaltılar üzərində, yaşlı bağlarda ağaclar böyük normalarla gec-gec, yüngül torpaqlarda, gödək boylu calaqaltılar üzərində, cavan ağaclar isə az normalarla tez-tez suvarılır. Cərgəaraları çəmən sistemində və siderat bitkilər altında saxlanılan bağlarda suvarma norması və suvarma sayı artırılmalıdır.