GİRİŞ
Hörmətli oxucu!
Azərbaycanda bağçılığın inkişafı qədim tarixə malikdir. Bağçılığın müxtəlif sahələrinin inkişaf tapmasına respublikanın rəngarəng iqlim-torpaq şəraitinə malik olması səbəb olmuşdur. Bağçılıq geniş məfhum olub bu məfhuma meyvəçilik, üzümçülük, subtropik bitkilər, bəzək bağçılığı, çiçəkçilik və s. daxildir. Meyvəçilik bağçılığın tərkib hissəsi olub daha məhdud məfhumdur. Meyvəçilik bağçılığın bir hissəsi, bitkiçiliyin isə bir sahəsi olub meyvə - giləmeyvə əmələgətirən çoxillik bitkilərin becərilməsi ilə məşğul olan elm sahəsidir. Meyvəçilikdə istifadə olunan bitkilər bioloji xüsusiyyətlərinə, ekoloji tələblərinə və onların becərilməsində tətbiq olunan texnoloji əməliyyatların xarakterinə görə kəskin fərqlənirlər. Becərilən meyvə-giləmeyvə bitkilərinin bioloji və ekoloji xüsusiyyətlərinin iqlim-torpaq şəraiti ilə üst-üstə düşməsi respublika ərazisinin meyvəçiliyin bu və ya digər sahələri üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Məsələn, Şəki-Zaqatala bölgəsi qərzəkli meyvə bitkilərinin (fındıq, cəviz, şabalıd), Quba-Xaçmaz – tumlu və çəyirdəkli meyvə bitkilərinin (şaftalı, ərik, gilas, albalı), Lənkəran-Astara – sitrus və çay, Abşeron yarımadası quru subtropik meyvə bitkilərinin (zeytun, püstə, badam), Kür-Araz ovalığı–qarışıq meyvəli subtropik bitkilərin (nar, əncir, üzüm), Naxçıvan Muxtar Respublikası əksər meyvə bitkilərinin (qərzəkli, tumlu, çəyirdəkli, üzüm) becərilməsi üzrə ixtisaslaşmışlar.
Qərzəkli meyvə bitkiləri xalq təsərrüfatı əhəmiyyətinə görə meyvəçilikdə xüsusi yer tutur. Azərbaycan qərzəkli meyvə bitkilərinin ilkin təbii yayılma, forma əmələgəlmə (müxtəliflik) və mədəniləşdirmə (domestikasiya) mərkəzlərindən biri hesab olunur (N. İ. Vavilov, 1932). Cəviz, fındıq, şabalıd, badam, püstə Azərbaycanda qədimdən becərilən qərzəkli meyvə bitkiləridir.
Ata - babalarımızın yaratdığı qiymətli meyvə sortları qədim zamanlardan Azərbaycandan çox-çox uzaqlarda məşhurdur və buradan qonşu ölkələrə yayılmışdır. Respublikamızın meşələrində təbii halda bitən qoz, fındıq, şabalıd, püstə, badam buna əyani sübutdur. Qərzəkli meyvə bitkilərinin Azərbaycanda becərilməsinin 1000 illiklərlə tarixi vardır. Bunu Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi sübutlar təsdiqləyir. Azərbaycanın əlverişli coğrafi mövqeyi - Avropa və Asiyanın birləşdirməsi və buradan Beynəlxalq Karvan Yolunun- İpək Yolun keçməsi qərzəkli meyvə bitkilərinin, onların yerli ata-baba sortlarının Azərbaycandan Avropaya və Amerikaya yayılmasına səbəb olmuşdur.
Bu gün Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü, idxalı üzrə isə üçüncü yerdədurur. İldə 35-40 min ton fındıq istehsal olunur və fındıq bağlarının sahəsi 55 min hektara çatdırılmışdır. Bu göstəricinin yaxın gələcəkdə 80 min hektara çatdırılması nəzərdə tutulur.
Respublikada yaxın gələcəkdə 10 min hektar yeni sənaye əhəmiyyətli qoz bağlarının yaradılması nəzərdə tutulur. Yeni qoz bağlarının yalnız Şəki-Zaqatala bölgəsində deyil, digər regionlarda da həyata keçirilir. Bu gün artıq Goranboy, Samux, Şəmkir və digər rayonların ərazilərində fermer və sahibkarlar tərəfindən 100-300 (500) hektar sahədə qoz bağları salınır.