Rütubətin buxarlanmasının qarşısını almaq və alaqlarla mübarizə məqsədilə erkən yazda cərgəaraları malalanır, yayda isə 8-16 sm dərinlikdə ФС-0,9 frezi qoşulmuş КСШ-5Б kultivatoru ilə becərilir. Cavan ağacların tutması və daha yaxşı inkişaf etmələri üçün gövdəətrafı mulçalanır. Bu məqsədlə peyin, çürüntü, saman, ağac kəpəyi, mulça kağızı və tol istifadə edilə bilər. Bu halda gövdə ətrafının bellənməsinə ehtiyac olmur.
İkinci ildən başlayaraq cərgəaraları əkin sxemlərindən və su ilə təminat səviyyəsindən asılı olaraq müxtəlif məqsədlərlə istifadə olunur.
Cərgəaraları 5 m-dən az olan sıxlaşdırılmış əkin sxemlərində cərgəarası torpaq, qara herik və ya herik-sideral sistemində saxlanır. Kifayət qədər su ilə təmin olunan sahələrdə isə bağ, əkindən 3-4 il sonra çəmən və ya çim-çürüntü sistemində saxlanır (Şəkil 5.2).
Cavan bağlarda, ağacların onlar üçün ayrılmış qida sahələrini müəyyən vaxtdan sonra (8-12 il) tutduğunu nəzərə alaraq torpaqlardan daha səmərəli istifadə məqsədilə xüsusi texnologiya işlənib hazırlanmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, cərgəaralarının istifadəsi məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Məqsəd isə cavan ağacların daimi yerində möhkəmlənməsi, onların normal böyümə və inkişafı üçün şərait yaradılmasıdır. Yalnız bu məqsədi təmin edən texnoloji qulluq planı qənaətbəxş sayda bilər.
Cərgəarasında becərilmək üçün seçilən bitkilər əsas bitkinin inkişafına əngəl törətməyən, onunla fızioloji cəhətdən uyğun olan, gödək boylu, az ömürlü, əsas bitkinin qida və su tələb etdiyi dövrdə onunla rəqabət aparmayan, torpağın fiziki və kimyəvi keyfiyyətlərini qoruyub saxlayan və onu zənginləşdirən, sahəyə gəmirici yığmayan, əsas bitkini sirayətləndirə bilən xəstəlik və zərərvericilərdən azad olmalıdırlar.
Cərgəarası bitkilər əsas bitkilərlə daim qarşılıqlı təmasda olur. Bu zaman fizioloji cəhətdən uyğunluq şəraitində əsas bitkilər normal böyüyüb, inkişaf edir. Lakin bir çox hallarda cərgəarası bitkilər əsas bitkilərin böyümə və inkişafına mənfi təsir göstərə bilir.
Bir qrup cərgəarası bitkilərin kökləri vasitəsilə rizosferə çıxardıqları kolinlər, meyvə bitkilərinin böyümə və inkişafına mənfi təsir göstərir. Məsələn, ayrıqotu, qırmızı topal, yonca və pomidor bitkiləri almanın, çuğundur bitkisi isə şərq xirniyinin inkişafını ləngidir. Bu zaman ağacların kök sistemi həmin bitkilərin kökləri yerləşən zonadan qaçmağa, yayınmağa çalışır, yerüstü hissədə boy durğunluğu yaranır, fotosintez prosesi pozulur.
Eyni zamanda müəyyən olunmuşdur ki, çəyirdəkli meyvə bitkilərinin cərgəaralarında pomidor, bibər, badımcan becərilməsi, bir sıra hallarda əsas bitkilərin klastresporioz və vertisilloz xəstəlikləri ilə sirayətlənməsinə səbəb olur.
Dənli bitkilər sahəyə çoxlu gəmirici topladıqlarından, qarğıdalı, günəbaxan, tütün isə hündür gövdəli olduqlarından onların cərgəarası bitki kimi istifadəsi məsləhət görülmür.
Yazlıq kələm vegetasiya dövründə əsas bitkinin qidasına və suyuna şərik çıxdığından, moruq, böyürtkən çoxlu pöhrə verdiklərindən, bostan bitkiləri cərgəni becərmək imkan vermədiyindən və sahəni tutduğundan bağ üçün əlverişli sayılmır.