Bu halda, yuxanda yerləşən tumurcuqdan əmələ gəlmiş zoğ gələcək şah budaq, aşağıda yerləşən və cərgəyə istiqamətlənmiş iki ədəd zoğ isə ilk mərtəbəni təşkil edəcək skelet budaqlardır.
Gələcəkdə kürə şəkilli formalar yaratmaq üçün isə gövdə üzərində saxlanacaq sonuncu tumurcuğun hansı istiqamətə yönələcəyinin prinsipial əhəmiyyəti yoxdur. Forma verilmiş və yaxud sərbəst inkişaf etmiş budaqlara malik bir və ya ikiillik tinglərin əkindən sonra kəsilməsi və ya əkin zamanı budaqların istiqamətlənməsi gələcəkdə yaradılacaq çətir formasından asılıdır (Şəkil 4.11). Belə ki, yastı çətir formalar üçün ting əkilərkən daha yaxşı inkişaf etmiş budaqlar cərgəyə istiqamətləndirilir və uzunluqlarının 1/3 hissəsi qədər, cərgədə torpağa baxan tumurcuğadək gödəldilir. Bunlardan yuxarıda yerləşən bir ədəd yaxşı inkişaf etmiş budaq şah budaq üçün saxlanır və o, uzunluğunun 1/2-1/3 hissəsi qədər, cərgəarasına baxan tumurcuğadək gödəldilir. Qalan budaqlar dibindən kəsilib atılır.
Adi formalar üçün gövdə üzərində olan budaqlar, yaradılacaq çətir formasından asılı olaraq müəyyən olunmuş miqdarda saxlanılır və onlar boylarının 1/3 hissəsi qədər uzunluqda, çətirdən kənara aşağı baxan tumurcuğa kəsilir.
Tinglərin kəsilməsi erkən yazda, şirə hərəkəti başlamazdan qabaq aparılmalıdır.