Plantaj şumu aparılmayan sahələrdə çalanın diametri 100 və dərinliyi 60-70 sm götürülür. Plantaj şumu aparılan sahələrdə isə çalanın eni 40-50 sm, dərinliyi isə 40 sm olur (Şəkil 4.9).
Çala qazılan zaman, ağacın yerini göstərən mərkəzin itməməsi üçün əkin taxtasından istifadə edilir. Bu taxta, uzunluğu əl ilə qazmaq üçün 1,5 m, mexanizmlərlə qazmaq üçün isə 2,5-3 m olan, 2-3 sm qalınlığında hamar taxtadır. Taxta üzərində iki kənarda və tən ortada kəsimlər (yarıq) olur. İki kənar kəsimlər nişangah, mərkəzi kəsim isə ağacın yerini göstərən paya üçündür. Taxta mərkəzi kəsim ilə payaya düz qoyulur və iki kənar kəsimlərin yerinə əlavə payalar sancılır. Bunlar, çala qazıldıqdan sonra ağacın yerini əkin taxtası ilə müəyyənləşdirmək üçün nişangah rolunu oynayır.
Mexanizmlərlə qazmaq üçün traktora qoşulmuş müxtəlif markalı çala qazanlardan (КЯУ-100, КЯУ -100A, КРК-60, КЯУ -60 və s.) istifadə olunur. Cərgəarası nisbətən az olan şəraitdə manevri böyük olan КРК-60 və КЯУ -60 daha əlverişli sayılır.
Plantaj aparılmayan sahələrdə çala qazılan zaman, torpağın üst münbit qatı çıxarılıb bir tərəfə, alt qatı isə digər tərəfə tökülür. Bundan sonra alt qatın torpağı 8-10 kq çürümüş peyin, təsiredici maddə hesabı ilə 100-120 qr fosfor və 50-60 qr kalium ilə qarışdırılır. Ağac əkiləndə çalanın dibinə üst qatın torpağı, üstdən isə gübrələrlə qarışdırılmış alt qatın torpağı verilir. Plantaj olunmuş sahələrdə plantajdan qabaq sahə gübrələndiyindən çalaya gübrə verməyə ehtiyac qalmır. Çalalar hazır olduqdan sonra əkin başlayır
Əkin taxtası çala üzərinə elə qoyulur ki, kənar kəsimlər bu zaman nişangah olan mıxçalara tuşlansın. Taxtada olan mərkəzi kəsim ağacın yerini göstərir. Çalanın dibinə torpaqla qarışdırılmış üzvi və mineral gübrə qarışığı tökülür. Ting əkin taxtası üzərində olan kəsimə tuş olaraq çalaya qoyulur. Bu zaman əkin dərinliyi, calaqaltının tipindən asılı olaraq müəyyənləşdirilir. Calaqaltı toxmacar olduqda əkin kök boğazına qədər dərinlikdə aparılır. Klon calaqaltılar üzərində calanmış bitkilər isə calaq yerinə qədər basdırıla bilər. Toxmacarlara calanmış tinglərin kök boğazından dərin və ya dayaz basdırılması ümumi inkişafa mənfi təsir göstərir. Ona görə də ting əkilərkən kök boğazı torpaq səthindən 2-3 sm hündürdə saxlanır. Torpaq yatdıqdan sonra kök boğazı torpaq səthi ilə eyni səviyyədə durur. Ting çalaya qoyulub torpaqlandıqdan sonra torpaq möhkəm tapdanır ki, onunla kök arasında boşluq qalmasın.
Bundan sonra çalanın diametri qədər məsafədə, çalanın perimetri boyu tirə düzəldilir. Nəticədə çalada suyun dayanması üçün kasa yaranır.
4.4.1.4. Şırıma əkin