Vegetasiya dövründə süni suvarma tələb olunan, yaxud da güclü yağışlar və sel qorxusu olan şəraitdə suyun cərgəboyu axımını yönəltmək məqsədilə əkin taxtasının ayaqlarının birini, taxtanın uzunluğunun hər metri üçün 5-8 mm olmaqla uzun qoyurlar. Məsələn, əgər taxtanın uzunluğu üç metrdirsə ayaqcığın biri o birisindən 15-24 mm uzun olur. Bu isə cərgələrin meylliyinin horizontal boyu 0,005-0,008% olmasını və buna uyğun olaraq suyun bərabər surətdə axımını təmin edir.
Nişanlamanın mexanikləşdirilməsi. Böyük bağ sahələrində, ağacların əkininin mexanikləş-dirilməsi ilə bağlı olaraq, bölgü də mexanikləşdirilir. Bu məqsədlə KPH-4,2 tipli kultivatordan və yaxud da toxumsəpən maşından istifadə edilir. Qabaqca düzən sahələrdə aparılan bölgü əsasında sərnənin perimetrləri boyu ağacların yeri müəyyənləşdirilir. Bundan sonra kultivatorun işçi orqanları çıxarılır və onun yerinə bitkiaraları qədər məsafədə şırımaçanlar bərkidilir.
Traktorun radiatoru üzərində, düzgün nişanlama aparmaq üçün bəzən məftil və ya düz taxtadan hazırlanmış nişan oxu taxılır. Traktorçu bu oxu sərnənin kənarında olan payaya tuşlayır və bu istiqamətdə düzünə hərəkət edir. Beləliklə ağacların yerini göstərən şırımlar açılır. Bu iş sərnə boyu nişanlama qurtarana qədər davam etdirilir.
4.4.1.2. Meyvə bitkilərinin əkilməsi
Meyvə bitkiləri əkildikləri yerdə uzun müddət qalır. Bunu nəzərə alaraq onların əkin vaxtı və əkin texnikasının düzgün aparılması tələb olunur. Çünki bundan asılı olaraq əkilmiş bitkinin normal inkişafı dəyişə bilər [7,8] .
Respublikamızın əksər rayonlarının mülayim iqlimi meyvə bitkilərinin əkinini nisbi sükunət dövrü müddətində aparmağa imkan verir. Lakin aran yerlərdə və qışı mülayim keçən digər rayonlarda ən yaxşı vaxt payız fəsli sayılır.
Payızda təsərrüfat işlərinin nisbətən az olması və qışın mülayimliyi bitkilərin köklərinin əkildikləri yerdə, yaza qədər itirilmiş hissələrini bərpa etməsi, bu dövrdə aparılan əkinin təsərrüfat və bioloji cəhətdən üstünlüyüdür. Payız əkini oktyabrın ortalarından başlayır və şaxtalar düşənə qədər davam etdirilir. Qışı sərt keçən yerlərdə və dağlıq rayonlarda əkinin yazda aparılması daha yaxşı nəticə verir. Bu iş torpaqda qarın əriməsindən 10-12 gün sonra aparılır.
Son vaxtlar, meyvə bitki tinglərinin konteynerlərdə becərilməsi, ağacların əkinini ilin bütün fəsillərində və hətta vegetasiya dövründə də aparmaq imkanı yaradır.
Əkin materialının keyfiyyəti və onun əkinə hazırlanması yaradılan bağın gələcək inkişafında, ağacların məhsula düşməsində, potensial məhsuldarlıq dövrünün başlanmasında özünü göstərir. Əkin üçün bir qayda olaraq yaxşı inkişaf etmiş, sağlam, standarta uyğun bir və ikiillik tinglərdən istifadə olunur. İlk növbədə tinglərin cinslər üzrə sort tərkibi yoxlanır ki, bağda nəzərdə tutulmayan sortlar olmasın. Bundan sonra calaqaltı tipinin nəzərdə tutulan calaqaltıya və həmçinin tingin sahə standartlarına uyğunluğu müəyyənləşdirilir. Bu iş yüksək məsuliyyət tələb etdiyindən bununla daha təcrübəli mütəxəssis və fəhlələr məşğul olmalıdır. Tingin kök sisteminin normal vəziyyəti, onun uzunluğu, budaqlanması və yaş olması yerüstü hissəsinin ilk vaxtlarda inkişafını təmin edir. Köklərin boyunun 30-35 sm-dən artıq olması ağacların əkinini çətinləşdirir. Ona görə də bu uzunluqdan artıq köklər kəsilməlidir.