Düzən ərazidə nişanlama. Düzən yerlərdə nişanlama üzərində ağacların yerini, cərgə və bitkiaralarını göstərən nişanları olan ölçü lentləri (kəndir, şpaqat və ya nazik məftil) ilə aparılır. Əvvəlcə sərnələrin küncündə, uzunluğu 1-1,5 m olan payalar vurulur. Cərgəarasını göstərən lent sərnənin gödək tərəfində tam sərhəd boyu bərkidillir və hər cərgənin yeri payalarla işarə olunur. Bundan sonra bitkiarasını göstərən lent ilə sərnənin uzun tərəfində bölgü aparılır. Bu məqsədlə hər iki cərgədə başdan-başa xətt alınır və bitkiarası məsafəni göstərən lentlə hər bitkinin yeri nişanlanır. Beləliklə, sahənin perimetrləri boyu ağacların yerləri nişanlanmış olur. Bundan sonra sərnənin gödək tərəfləri boyu, cərgəarasıı göstərən ölçü lenti, hər kənar cərgələrdə olan bitkilərə tuşlanır və ağacların yeri lent üzərində olan nişanlara uyğun olaraq yerdə qeyd olunur. Hər ağacın yerinə paya sancılır. Bundan sonra bölgü, sonrakı bitkiarası məsafələrlə də eyni qayda ilə davam etdirilir. Bölgü qurtardıqdan sonra cərgələrin və ağacların yerini göstərən payalar, həm düzünə cərgələr və həm də diaqonal boyu bir xətt üzərində olmalıdır.
Yamaclarda aparılan nişanlanma. Dağlıq yerlərdə ağacların yerinin nişanlanması horizontallara uyğun olaraq aparılır. Yamacın mailliyi nisbətən az (5-8°) olduqda cərgəaraları bir qayda olaraq eyni olur. Maillik artdıqca isə cərgəarası məsafələr horizontallara uyğun olaraq dəyişir. Bölgü aparmaq üçün sərnənin gödək tərəfində (yamacın köndələninə) düz xətt boyu, cərgələrin yerini göstərən payalar çalınır. Bundan sonra ya nivelir və yaxud da xüsusi əkin taxtasından istifadə olunur. Əkin taxtası hündürlüyü 60-70 sm olan iki ayaq üzərində bərkidilmiş düz taxtadan və onun üzərində olan səviyyə göstərən tərəzidən ibarətdir. Taxtanın uzunluğu bitkiarası məsafəyə bərabərdir. Əgər bitkiarası məsafə böyükdürsə, o zaman taxta bu məsafənin yarısı qədər uzunluqda düzəldilə bilər.
Əkin taxtası birinci cərgənin yerini göstərən baş payaya uyğun qoyulur və tərəzi ilə düz səviyyə alınana qədər hərəkət etdirilir. Düzgün səviyyə alınan nöqtədə mıxça vurulur. Əgər bitkiarası məsafə böyükdürsə, onun yarısına bərabər əkin taxtasının sonunda müvəqqəti mıxça, onun iki misli qədər məsafədə isə səviyyə müəyyənləşdirilib əsas mıxça vurulur. Birinci cərgə bu üsulla tam bölüşdürüldükdən sonra, digər cərgələrdə eyni iş təkrar olunur.