Bağ salınacaq sahə bitkilər əkilənə qədər torpaq şəraitindən asılı olaraq qara herik, bitkili herik (siderat) və çoxillik ot bitkiləri altında saxlanıla bilər.
Qara herik. Ağaclar əkilənə qədər sahə bir neçə dəfə yumşaldılır və alaqları məhv etmək üçün herbisidlərdən istifadə edilir. Əkindən qabaq sahədə önlüksüz kotanla yüngül şum və yaxud kultivasiya aparılır.
Bitkili herik. Sahənin alaqlarla nisbətən az sirayətlənməsi şəraitində əlverişlidir. Payızdan və yaxud erkən yazda səpilmiş siderat otlar, iyul-avqustda şumlanaraq torpaqla örtülür. Sideratlar torpağa əlavə olaraq çürüntü şəklində üzvi gübrə kimi müsbət təsir etməklə yanaşı, onun strukturunu, su və hava rejimini də yaxşılaşdırır.
Ağaclar əkilməzdən qabaq sahədə səthi üzləmə aparılır, torpaq önlüksüz kotanla yumşaldılır və ya kultivasiya edilir.
Çoxillik otlar. Bağ üçün seçilmiş sahə nazik qatlı və az münbit torpaqlardan ibarət olduqda, həmin sahədə 1,5-2,5 il müddətində çoxillik otlar becərilir. Bu məqsədlə yonca, üçyarpaq yonca, daraqotu (hər hektara müvafiq olaraq 12+8+8 kq) istifadə edilir. Ot biçilir, xırda doğranaraq sahəyə səpilir. Sonda sahə şumlanır və əkin üçün hazırlanır.
Bağ üçün ayrılmış sahənin bölüşdürülməsi. Sahənin təşkili ilk növbədə suvarma şəbəkələrinin və hidrotexniki qurğuların səmərəli yerləşdirilməsini, suvarılan rayonlarda sərnələrin həcmini və formasının müəyyənləşdirilməsini, bağ qoruyucu meşə zolaqlarının, yolların və digər yaradıcı sahələrin təşkilini nəzərdə tutur.
Sərnələr. Sərnə bağda ilkin texnoloji ərazidir. Sərnələrin həcmi və forması bağın tipindən, mexanikləşmənin səviyyəsindən, yerin relyefindən, hakim küləklərin istiqamətindən, torpağın yuyulması imkanından asılıdır. Tumlu meyvə bitkiləri üçün sərnələrin həcmi nisbətən rahat relyefli və zəif küləkli sahələrdə 12-15 ha (daha münasib sahələrdə isə hətta 20-25 ha-ya qədər), mailliyi çox olan və qorunmayan açıq sahələrdə 8-10 ha, külək tutan və nahamar sahələrdə 5-8 ha, dağlıq rayonlarda 3-5 hektar olmalıdır. Çəyirdəklilər və əksər subtropik (o cümlədən sitruslar) meyvə bitkiləri üçün sərnələrin həcmi 6-10 ha, giləmeyvə bitkiləri üçün isə 3-5 ha olur.
Sərnələrin ən yaxşı forması tərəflərin 1:2-3 nisbəti ilə düzbucaqlı və ya çıxılmaz vəziyyətdə trapes formadır. Yamacların yuxarı hissəsində bu 1:4 nisbətinə qədər artırılır. Mailliyi 3-5° olan yamaclarda sərnənin uzun tərəfini yamacın köndələninə uzadırlar ki, torpağın yuyulmasının qarşısı alınsın. Düzən sahələrdə sərnənin uzun tərəfi hakim küləklərə köndələn (perpendikulyar) yerləşdirilməlidir. Bu halda yerin relyefindən asılı olaraq 25-30° qədər düzəliş vermək olar. Yastı çətir formalı və həmçinin sıxlaşdırılmış xətvari əkin sxemli bağlarda sərnələrin uzun tərəfini cənubdan şimala yönəldirlər.
Yollar. İri əmtəəlik meyvə bağlarında müxtəlif xarakterli və istiqamətli yollar ayrılır. Yollar əsasən 4 tipdə olur - ana yol, ətraf yol, sərnəarası və sərnədaxili yollar.
Ana yol. Bu yola magistral yol da deyilir. Bu yol bağın bütün sahələrini təsərrüfat sahələri ilə birləşdirir. Belə yol bağın həcmindən asılı olaraq bir və ya iki ədəd ola bilər. Onlar bir-birinə paralel və ya perpendikulyar yerləşə bilər. Bu, bağın enindən və uzunundan asılıdır. Belə yolların hərəkət hissəsi 8-10 m olmaqla möhkəm döşəməli olur. Yolun kənarlarında 3 m-ə qədər səki nəzərdə tutulur.