Adi sferik çətirli ağaclardan ibarət bağda bu enişlik yerin relyefinə uyğun olaraq istiqamətləndirilir. Yastı, dayaqsız və dayaqlı istiqamətləndirilmiş palmet formalar verilmiş bağlarda, bu maillik şimaldan cənuba doğru yönəldilməlidir [7,8].
Nizamlamadan sonra torpağın yatması üçün azı 6-8 ay vaxt tələb olunur. Bu dövrdə meydana çıxan hər hansı digər qüsurlar da aradan qaldırıldıqdan sonra plantaj şumuna başlanır.
Həmin dövrdə torpağın keyfiyyətini yüksəltmək və strukturunu yaxşılaşdırmaq məqsədilə sahəyə yaşıl gübrə üçün müxtəlif ot bitkilərinin toxumları səpilir. Bu məqsədlə payızlıq noxud, xardal, lərgə, çoban toppuzu bitkiləri daha yaxşıdır. Bu bitkilər hektara 40-50 ton yaşıl kütlə yaradır. Şumdan qabaq bu ot kütləsi biçilir, xırdalanır və üzərinə əlavə olaraq hər hektara 30-40 ton peyin, 8-10 sen. superfosfat və 2-3 sen. kalium duzu tökülür. Torpaq zəif olarsa peyin norması hektara 60-80 tona qədər qaldırılır. Yamaclarda sahənin mədəni hala salınması bir qədər fərqlənir. Mailliyi 5-10° olan yamaclarda yamacın ümumi istiqaməti və xarakteri dəyişdirilir. Gübrələr horizontlar üzrə şum aparılacaq zolaqlara verilir. 10°-dən artıq yamaclarda ağaclar səkilərdə (terraslarda) əkilir. Torpağın belə sahələrdə yararlı hala salınması düzən sahələrdən yalnız üzvi gübrələrin miqdarının artıq olması ilə fərqlənir. Qalan işlər düzən sahələrdə olduğu kimidir.
Torpağın əkin qabağı şumlanması. Ağacların əkindən sonra normal inkişafını təmin etmək üçün dərin şumun böyük əhəmiyyəti vardır. Dərin şumun səmərəliliyi torpaq şəraitindən asılıdır. Belə ki, zəif humuslu və orta dərəcədə podzollaşmış torpaqlarda plantaj şumuna ehtiyac olmur. Belə torpaqlarda münbit qatın dərinliyi qədər yumşaltma kifayət edir.
Plantaj şumu torpaq tiplərindən asılı olaraq nazik şum qatlı torpaqlarda 35-40 sm, dərin humuslu zəif podzollaşmış torpaqlarda 40-45 sm, daha münbit və qalın qatlı torpaq tiplərində 50-60 sm dərinlikdə aparılır. Bağ üçün seçilmiş sahənin mədəni hala salınması üç yolla aparılır.
Başdan-başa becərmə. Gübrələrin verilməsi ilə sahənin başdan-başa dərin plantaj şumu edilməsini nəzərdə tutur.
Zolaqlarla becərmə. Gələcək cərgələrin kənarından ensiz zolaqlara gübrələr verilir və həmin zolaqlarda plantaj şumu aparılır.
Yerli becərmə. Şum qatı qalınlığında şum aparılır, çalalar qazılır. Gübrələr çalalara verilir və ağaclar əkilir. Bu üsul sənaye bağçılığında bağın təmiri zamanı istifadə edilir.
Dərin şum üçün ППУ-50A markalı plantaj kotanından və yaxud ППУ-50 markalı bir laydırlı asma kotandan istifadə edilir. Gübrələrin torpaqla yaxşı qarışması üçün şumu önlüksüz kotanla aparmaq məsləhətdir. Yalnız sahə ciddi zibilləndikdə və gübrə kimi təzə peyindən istifadə edildikdə önlüklü (ön kotancıqlı) kotan işlənir.
Torpaqda mübadilə olunan natriumun miqdarı çox olduqda onun miqdarından asılı olaraq hektara 2-3 ton üyüdülmüş gips verilir. Turş torpaqlarda (pH 5,5-dən aşağı) sahəyə üyüdülmüş əhəng və ya dolomit verilir.
Plantaj şumu əkindən beş-altı ay qabaq aparılır ki, torpaq otursun (şum aşağı yatsın). Şumdan sonra torpagı БДСТ-2,5, ББСТ-3,5, БДС-3,5 tipli diskli malalarla, КГС-5, КСМ-5, КСПP-5 markalı kultivatorla becərirlər. Bundan sonra sahə planirovka və ya qreyderlə hamarlanır.