Bu zaman torpağın bütün horizontlarını və torpaqaltı qatı daha dəqiq təhlil etmək üçün qoyulan torpaq kəsimlərinin dərinliyi 3 m-ə qədər olmalıdır.
Meyvəçilik sahəsində qazanılmış çoxillik təcrübələrlə sübut ediimişdir ki, quraq və yarımrütubətli bölgə torpaqlarında köklərin 1,6-1,8 m-dən, rütubətli və mülayim iqlim şəraitində isə 60-90 sm-dən üzdə yerləşmələri yüksək və sabit məhsula zəmanət verə bilməz. Torpağın bu baxımdan əsas göstəricilərindən biri su və havakeçirmə qabiliyyətidir. Kifayət qədər su və havakeçirmə qabiliyyətinə malik torpaqlar meyvə bitkiləri üçün əlverişlidir [7,8].
Su və havanı zəif keçirən torpaqlarda kök sisteminin inkişafı məhdudlaşır. Belə nəm və kip torpaqlarm aşağı qatlarmda bəzən oksigen qıtlığı, karbon qazının isə ifrat dərəcədə toplanması baş verir. Bu hal torpağın əksər hissəsində oksigenin mövcudluğu zamanı da baş verə bilər. Çünki pis hava keçirmə nəticəsində, kök zonasmda (rizosfera) oksigenin hərəkəti zəifləyir, kök çürüməsi və boy durğunluğu baş verir ki, bu da bitkinin məhvinə səbəb olur.
Torpağm yüksək dərəcədə kipliyi qərzəkli meyvə bitkilərinə əksər hallarda mənfi təsir göstərir. Torpaq qatı nazik, torpaqaltı qatlar isə kip və kipləşmiş, çaydaşı, çınqıl və s. qatlardan ibarət olduqda və yaxud ana süxur qayalıq olduqda, köklərin inkişafı məhdudlaşır.
Boz, tünd-boz podzollaşmış, qələviləşmiş və orta səviyyədə humuslu, podzollaşmış qara torpaqlar, gillicəli qonur, yüngül və orta gillicəli şabalıdı (boz qəhvəyi) torpaqlar əksər meyvə bitkiləri üçün ən yaxşı torpaqlar sayılır.
Qərzəkli meyvə bitkiləri üçün ən yaxşı torpaqlar yaxşı hava keçirən, zəif gillicəli, az qumsal torpaqlar, həmçinin gillicəli şabalıdı torpaqlar sayılır. Qrunt sularının səviyyəsi arabir 1-1,5 m-ə qədər çatan, çəmən qaratorpaq tipli torpaqlar da bağ üçün yararlıdır.
Yüksək qələvili torpaqlar bağ üçün əlverişli sayılmır. Əksər meyvə bitkiləri üçün isə kök zonasında torpaq məhlulunun reaksiyası pH 5-8,5 olduqda qənaətbəxş sayılır.
Bağ üçün güclü yuyulmuş və daşlı torpaqlar, gilli qara torpaqlar, şoran və şorakət torpaqlar tamamilə yararsızdır.Ağacların normal inkişafını təmin etmək üçün qrunt sularının yatma dərinliyi 2,5-3 m və daha dərində olmalıdır.
Bataqlıq və çeyilli sahələrdə, şoran və şorakət torpaqlarda, həmçinin qrunt sularının səviyyəsi üzdə olan torpaqlarda bağ salmaq məcburiyyəti zamanı həmin sahələr qabaqcadan qurutma, yuma, drenaj vasitəsilə yararlı hala gətirilməlidir.
Bağ üçün sahə seçərkən onun nə dərəcədə yararlı olduğunu orada təbii halda bitən bitkilərlə müəyyənləşdirmək mümkündür. Sahədə cır və mədəni bitkilərin, həmçinin palıd, ağcaqayın, göyrüş, fıstıq və dənli-paxlalı bitkilərin nümayəndələri varsa, bu sahə qərzəkli meyvə bitkiləri üçün ən yararlı sahə hesab edilir. Qamış, lıqvər, cil, ciyən, bataqlıca, yumşaq süpürgə və digər suya tələbkar (hiqrofit) bitkilər sahənin yüksək rütubətliliyinə dəlalət edir.
Ceyranotu (şiyav, ağot), yovşan, dovşan topalı, bulaqotu, qayaotu, dovşan kələmi, çətiryarpaq, daşdayan, məryəm noxudu, pişikquyruğu, nazik gövdə, dəvə tikanı tipli otlar və həmçinin uzunsaplaq palıd, dağdağan, ardıc, sarağan, qaratikan, murdarça kimi kserofit ağac və kollar sahənin quraqlığını göstərir. Sahədə duzlaq soğanı, çayırçiçəyi, germek (dəvəqulağı), qaraşoran, sarıbaş, çərən, xöstək varsa şoranlığa dəlalət edir. Bunlara uyğun olaraq sahədə müvafiq tədbirlər görülür.