Kifayət qədər isti və rütubətli rayonlarda bütün cəhətlər üzrə yamaclar qərzəkli meyvə bitkiləri üçün əlverişli sayıla bilər. Yamacın maillik dərəcəsi də relyefin əsas göstəricilərindəndir. Az maili yamaclar rütubətlə daha zəngin, məhsuldar və mexanikləşmə üçün əlverişlidir. Belə yamaclarda torpağın yuyulması (eroziya) ehtimalı da azdır.
Mailliyi 5°-dən artıq olan sahələrdə konturlu (horizontallarla) əkin aparılmalıdır. Maillik 5-10° olduqda yamacın köndələninə konturlu əkin daha əlverişli hesab olur. Mailliyi daha çox (10-25°) olan yamaclarda rütubətlənmə az, torpaq qatı nazik, eroziya təhlükəsi isə yüksək olur. Ona görə də belə sahələrdə bağ yalnız terraslarda salınır. İntensiv bağların dağlıq və dağətəyi rayonlar üçün planlaşdırılması zamanı yerin relyefi əsas göstərici sayılır.
İntensiv tipli bağlar üçün bütöv massivdə düzən, azacıq mailli (2-3°) sahələr daha əlverişli hesab edilir. Belə sahələrdə əksər işlər mexanikləşdirilir, işıq və istilik rejimi normal olur.
İqlim. Buraya işıq, istilik, atmosfer çöküntüləri və külək aid edilir. İqlim coğrafi şəraitdən, relyefdən, DSMY-dən, su mənbələrinə yaxınlıqdan asılı olaraq müxtəlif olur. Ona görə də bağ salmazdan qabaq yerli meteoroloji stansiyalardan çoxillik (son 10 il) iqlim məlumatları götürülüb təhlil edilir.
Bu zaman havanın orta illik və orta aylıq temperaturu, onun mütləq minimum və maksimumu, şaxtasız günlərin davam etməsi, vegetasiya dövründə fəal temperaturlar cəmi, erkən payız və gec (axırıncı) yaz şaxtalarının başvermə tarixi, torpağın donma dərinliyi, illik yağıntıların miqdarı və onun aylar üzrə paylanması, qar örtüyü, havanın nisbi rütubət dinamikası, güclü və hakim küləklərin istiqaməti və vaxtı, vegetasiya müddətinin davamı və digər göstəricilər təhlil edilərək becəriləcək cins və sortlar üçün yararlılıq dərəcəsi müəyyənləşdirilir.
İqlim amilləri, xüsusən intensiv bağlar üçün böyük əhəmiyyət kəsb edir. İntensiv tipli bağlar düzünə düşən işıqla nə qədər çox təmin olunursa, bir o qədər onların məhsuldarlığı yüksəlir, meyvələr isə daha keyfiyyətli olur.
İstiliyin çatışmazlığı nəticəsində vegetativ artırılan calaqaltıların və onlara calanmış sortların vegetasiya dövrü qısalır, fotosintez zəifləyir, toxumalarda kifayət qədər qida maddələri toplana bilmədiyindən bitkilərin qışa davamlılığı aşağı düşür.
Dəmyə rayonlarda intensiv tipli bağlar üçün atmosfer çöküntülərinin miqdarı və onların fəsillər üzrə paylanması böyük əhəmiyyət kəsb edir. Vegetasiya dövründə səthi kök sisteminə malik calaqaltılar yağıntının olmamasından və ya onun azlığından ziyan çəkir, onların məhv olma qorxusu artır. Belə sahələrdə süni suvarma tətbiq edilməlidir.
Abşeron yarımadasında və Kür-Araz ovalığında yaradılan bağlarda badam və püstə meyvə bitkiləri güclü və hakim küləklərdən çox ziyan çəkdiyindən onlar üçün təbii mühafizə olunan sahələr seçilməli və ya bağ salmazdan qabaq qoruyucu meşə zolaqları yaradılmalıdır. Hakim küləklərə məruz qalan sahələrdə, gödək boylu calaqaltılar üzərində olan meyvə bitkilərini daimi dayaqlara (payalara) bağlamaq lazımdır.
Torpaq. Bağ salmazdan qabaq torpağın və torpaqaltı qatın geniş tədqiqi və analizi aparılır. Bu məqsədlə dəqiq torpaq təhlilləri aparılaraq onun fiziki xüsusiyyətləri və kimyəvi tərkibini əks etdirən torpaq xəritəsi tərtib edilir (1:5000 miqyasında).