4.1. Meyvə bağı və onun tipləri
Qərzəkli meyvə bağları çoxillik əkmələr olub uzun müddət məhsuldar və səmərəli istismarı nəzərdə tutulur. Bağın yaradılmasında buraxılan hər xırda səhv belə sonralar öz təsirini göstərir. Zaman keçdikdə buraxılan səhv ya düzəldilə bilmir, yaxud da uzun vaxt və sərmayə qoyuluşu tələb edir. Odur ki, qərzəkli meyvə bağının yaradılması xüsusi hazırlanmış layihədə nəzərdə tutulan təşkilati və aqrotexniki tədbirlər kompleksi əsasında yaradılmalıdır.
Layihələndirici təşkilat təsərrüfat rəhbərliyi ilə birgə bağ üçün sahə seçdikdən sonra torpağın becərilməsi üçün tədbirlər hazırlayır, sahənin təşkili üçün plan tərtib edir, bağın salınması və tam məhsula düşənə qədər ona qulluq üzrə texnoloji xəritə tərtib edir, vəsait, material və əmək sərfi üzrə smeta tutur, onu iqtisadi cəhətdən əsaslandırır. Layihə baxılıb təsdiqolunduqdan sonra həyata keçirilir [7,8].
Məqsədinə, istiqamətinə və becərilmə texnologiyasına görə meyvə [qərzəkli] bağının aşağıdakı tipləri mövcuddur:
Həyətyanı bağ. Şəxsi həyətyanı sahələrdə təşkil olunan bağ tipidir. Belə bağlarda, sahibinin arzusuna müvafiq olaraq, müxtəlif cins və sortlar müxtəlif qida sahələriilə əkilir. İşlərin əksəri əl ilə görülür. Müasir kiçik həcmli traktor və torpaq becərən mexanizmlərin istehsalı belə bağ sahələrində aparılan qulluq işlərinin mexanikləşdirilməsinə şərait yaradır. Yığılmış məhsul şəxsi mülkiyyətçinin istəyi ilə istifadə olunur.
Kollektiv bağ. İri fabrik, zavod və ya birliklərin nəzdində fəhlə və qulluqçuların təşkil etdikləri bağ tipidir. Belə bağın həcmi 3-5 ha-dan 25-30 ha-ya qədər olur. Burada bağçılıq yoldaşlığı yaradılır. Həmin kollektiv təşkilat bağın salınması, cins və sortların seçilməsi, qulluq işləri, məhsul bölgüsü ilə bağlı bütün işlərə rəhbərlik edir. Kollektiv bağda rayonlaşdırılmış cins və sortlar qəbul edilmiş qida sahələri ilə əkilir, bağa texnoloji qulluq kollektiv şəkildə aparılır. Yığılmış məhsul “hər kəsə əməyinə görə” prinsipi ilə bölünür.
Sort-sınaq bağı. Yeni yaradılmış və introduksiya edilmiş sortların konkret torpaq-iqlim şəraitində öyrənilməsi, həmin şərait üçün yararlılıq dərəcəsinin müəyyənləşdirilməsilə məşğul olan bağ tipidir. Belə bağda bitkilər həmin cinsdən olan digər sortlar üçün ümumi qəbul edilmiş əkin sxemləri, qida sahələrilə əkilir, onlara qulluq qəbul edilmiş texnologiya üzrə aparılır. Bağda olan bitkilər üzərində dəqiq müşahidə və uçot işləri aparılır. Məhsul ümumi istehsal planına və ya müqavilə öhdəlilərinə əsasən müvafiq yolla realizə olunur.
Toxumluq və qələmlik ana bağlar. Belə bağ tipləri meyvə tingliyi nəzdində təşkil olunur. Onların haqqında meyvə tingliyi bölməsində ətraflı məlumat verilir.
Əmtəəlik və sənaye meyvə bağı. Əmtəəlik meyvə məhsulu istehsalında əlahiddə rol oynayan bağ tipidir. Belə bağda rayon və ya bölgə üçün rayonlaşdırılmış cinslər və calaqaltı-sort kombinasiyaları üzrə meyvə tingləri əkilir, düzgün aqrotexnoloji fonda becərilir və yüksək keyfiyyətli əmtəəlik məhsul istehsal edilir. Əmtəəlik meyvə bağında əkiləcək bitkilərə verilən qida sahələri, bağda tətbiq olunan texnoloji proseslərin səviyyəsi kəskin surətdə fərqləndiyindən bu bağ tipi ekstensiv və intensiv tipli olabilir.
Ekstensiv tipli qərzəkli meyvə bağı. Belə meyvə bağı bir qayda olaraq, ucaboylu meyvə bitkilərindən salınmaqla, hər bitkiyə verilən qida sahəsi geniş olur. Belə bağın hər hektarında 80-125 ədəd bitki olmaqla onlara əsasən kürə şəkilli, iri həcmli təbii çətir forması verirlər.