Cəvizin rüşeymini cücərtmək (kallus hüceyrələri kütləsi əldə etmək), kallus hüceyrələrinin regenerasiyası (mikro çiliklərin əldə olunması və çoxaldılması), morfogenez (mikro çiliklərin kök atması) məqsədləri üçün DKW Mühiti istifadə olunur.
Klonlaşdırma xüsusi avadanlıqla təchiz olunmuş mühit tənzimlənən (süni işıqlandırma, temperatur və havanın nəmliliyi tənzimlənən, ultra bənövşəyi işıq mənbəyi, avtoklav və s.) laboratoriyada aparılır. İstifadə olunan bütün alət, cihaz və avadanlıqlar steril olmalıdır. Qidalı məhlul (qidalı mühit) sınaq borularında və ya şüşə kolbalarda 20 dəqiqə ərzində 120°C və 1,2 atm. təzyiq şəraitində avtoklavda sterilizə edilir. Klonlaşdırma ilə bağlı bütün əməliyyatlar xüsusi laboratoriya şəraitində laminar boksda aparılır (Şəkil 3.17).
Mikroklonlaşdırma üçün nəzərdə tutulan rüşeym (embrion) Petri kasasında dibində nitrat ammonium olan eksikatorda 1 həftə müddətində qaranlıq yerdə qurudulur. Qurudulmuş embrion Petri kasasında tərkibində stimulyator olmayan qidalı mühitə səpilərək (DKW Mühiti) qapağı parafinlə bağlı vəziyyətdə otaq şəraitində (20-25 ⁰С) qaranlıq yerdə saxlanıldıqda regenerasiya edərək 1 həftədən sonra kallus əmələ gətirir (Şəkil 3.18). Həmin kallus (cücərmiş embrion) 2-5 mm ölçüdə regenerasiya üçün yeni qidalı məhlula köçürülür. Köçürmədən 3-4 gün sonra yeni məhlulda vegetativ inkişaf başlayir və mikroçiliklər 2-3 həftədən sonra 5-6 yarpaqcıq əmələ gətirir (Şəkil 3.19). Həmin vəziyyət alındıqda eksplantların yeni qidalı mühitə köçürülməsi lazım gəlir. Köçürmə zamanı hər bir mikroçilik həm də çoxaldılır.