Cəvizin vegetativ çoxaldılmasında müxtəlif qələm calağı üsullarından yaxşılaşdırılmış kopulirovka, dilli qondarma calaq və çəp qabıqaltı calaq tətbiq olunur.
Yaxşılaşdırılmış kopulirovka calağı. Yaxşılaşdırılmış kopulirovka 1-illik zoğlarda aparılır. Bunun üçün calaqaltını bir vegetasiya müddəti öncə ya kötüyə “oturdurlar”(3-5 yaşda), ya da skelet budaqları stamba yaxın yerdən kəsib atırlar (5 yaşdan yuxarı). Calaqaltı kimi nəzərdə tutulan zoğ və calaqüstü - stratifikasiya olunmuş çilik, kalibrobka edilərək eyni yoğunluqda götürülür. Calaqaltı və üzərində 2-3 göz olan qələm çəpinə kəsildikdən sonra (Şəkil 3.4) onların biri-birinə möhkəm oturması üçün hər ikisinin çəpinə kəsiminin ortasında köndələninə (çəp kəsimə perpendikulyar) kəsim aparılır (Şəkil 3.5). Həmin köndələninə kəsim nəticəsində həm calaqaltının, həm də qələmin çəpinə kəsimlərində dilə oxşar çıxıntılar yaranır. Qələm yuxarıdan aşağı istiqamətində calaqaltına oturdularaq həmin dilli-çıxıntılı kəsimlər bir-birinə geydirilir və qələmin calaqaltına möhkəm bitişməsi təmin olunur (Şəkil 3.6). Calaq yeri sarınaraq (Şəkil 3.7) üzəri, həm də qələmin ucu bağ məlhəmi ilə örtülür.
Dilli qondarma calağı. Calaqaltı və calaqüstü müxtəlif ölçüdə olduqda aparılır. Calaqaltının calaq nəzərdə tutulan yerdən yuxarı hissəsi kəsilib atılır. Calaqaltının yan tərəfində kəsim yerindən 3-5 sm aşağıdan başlayıb yuxarı istiqamətdə çəpinə kəsim alırlar bə həmin kəsimin orta hissəsində yaxşılaşdırılmış kopulirovka calağında olduğu kimi dil açılır. Eyni qayda ilə hazırlanmış qələmdəki və calaqaltındakı dilləri bir-birinə geydirib möhkəm bitişdirdikdən sonra (Şəkil 3.8) sarınır, sarğının və kəsimlərin üzəri bağ məlhəmi ilə örtülür (Şəkil 3.9).