Qələm calağı üçün çiliklər nəzərdə tutulmuş ağaclardan vegetasiya tam başa çatdıqdan sonra və ilkin şaxtalar müşahidə olunduqdan sonra tədarük olunur. Birillik zoğlar hazırlanaraq dəstə-dəstə bağlanır və etiketlənir. Tədarük olunmuş çiliklər 0-4 °C şəraitndə saxlanılır. Bunun üçün soyuq zirzəmilərdən və ya soyuducudan istifadə olunur. Zirzəmidə saxladıqda dəstə bağlanmış çiliklər dik (şaqulu vəziyyətdə) qoyularaq aşağı-baş hissəsi nəmliyi yüksək olan substratda yerləşdirilir (torf, çay qumu, oduncaq kəpəyi və s.). Soyuducuda saxladıqda, çiliklər qurumasın deyə polietilen kisələrə yerləşdirilərək baş hissələri suda isladılmış yaş dəsmalla və ya su hopduran yaş kağızla bükülür.
Yazda açıq sahədə qələm calağı bir qayda olaraq intensiv şirə axınının pik mərhələsində aparılır. İntensiv şirə axınının calaq komponentlərinin tutmasına təsirini azaltmaq məqsədilə calaq yerindən aşağı hissədə calaqaltında bağ bıçağı və ya mişarla qabıq kambi qatına kimi bir neçə yerdən kəsilərək yaralanır ki, həmin kəsimlər də şirə axınının intensivliyini tənzimləyir.