3.5.3.2. Kopulirovka (qələm calağı)
Qələm calağı daha qədim üsul olsa da əkin materialının yetişdirilməsində kütləvi tətbiqini tapmayıb. Buna başlıca səbəb qələm calağı üçün calaqüstü materialın-çiliklərin qış mövsümündə tədarük olunaraq calaq müddətinə kimi xüsusi şəraitdə saxlanması (stratifikasiyası), calaq materialı israfının çox olması (hər qələmdə 2-3 göz), bağ məlhəmi və digər materialların tələb olması, peyvəndə nisbətən daha çətin və mürəkkəb olub xüsusi hazırlıq və bacarıq tələb etməsidir. Lakin, 3 yaşdan sonra göz calağı üçün yaralı olmayan calaqaltılara qələm calağı aparılır. Qələm calağı həm də daimi yerdə bitən tək-tək və bağda cavan ağaclarda aparılır.