Qərzəkli meyvə bitkilərinin cəvizdən başqa hamısının çoxaldılmasında adi «T» şəkilli göz calağından istifadə olunur.
Qondarma göz calağı erkən yazda, intensiv şirə axını başlanmamış aparılır. Qışda tədarük edilərək stratifikasiya olunmuş zoğların tumurcuqlarından istifadə olunur. Aparılması texnologiyası belədir: calaqaltının aşağı hissəsində calaq bıçağı gövdənin eninə 450 altında qoyularaq qabıq oduncağa catanadək kəsilir. Həmin kəsimdən 2-3 sm yuxarıda yenə də bıçağın tiyəsi gövdənin eninə 450 altında qoyularaq qabıq oduncağa çatanadək kəsilir və bıçağın tiyəsi çıxarılmadan yuxarıdan aşağıya doğru hərəkət etdirərək qabıq nazik oduncaq parçası ilə birlikdə aşağıdakı kəsimə birləşənədək kəsilib götürülür. Eyni qaydada calaqüstü materialdan sipərcik (nazik oduncaq təbəqəsi ilə tumurcuq) götürülərək calaqaltında hazırlanmış “aynacığa” yerləşdirilərək sarğı aparılır. Qondarma göz calağı vegetasiya müddətində cari ilin zoğlarından tədarük olunmuş tumurcuqlarla da aparılır.
Qərzəkli meyvə bitkilərindən cəviz və şabalıdda qabığın qalınlığı, tumurcuğun iriliyi, tumurcuq altında güclü inkişaf etmiş ötürücü toxumaların olması adi və ya qondarma göz calağının aparılması üçün əlverişli deyil, imkan vermir. Həmin cinslərdə tumurcuq düzbucaqlı qalxancıq formasında qabıqla birgə transplantasiya edilir.
Qərzəkli meyvə bitkilərindən cəvizin vegetativ artırılmasındadüzbucaqlı qalxancıq şəkilli göz calağı üsulu əsas yer tutur, aparılması texnologiyası aşağıdakı kimidir.
Göz calağı bir-birinə paralel cüt tiyəli (ara məsafəsi 3-4 sm) xüsusi bıçağın köməyi ilə aparılır. Calaqaltının kök boğazına yaxın hissəsində torpaqdan 10-15 sm-dən yuxarı olmamaqla calaq yeri seçilir. Calaq yerinin calaqaltının gövdəsində tumurcuq yerləşən hissədə təyin olunmasına riayət etdikdə calaqaltı və calaqüstünün lifli-borulu ötürücü toxumalarının üst-üstə düşməsi təmin olunur və calağın tutmasına müsbət təsir göstərir. Calaq yerindəki tumurcuq qoltuğunda yerləşən yarpaq kəsilərək qısa saplağı qalır.
Xüsusi bıçaq tumurcuq tən ortada qalmaq şərti ilə calaq yerinə tiyələri gövdəyə perpendikulyar qoyulur. Bıçaq üstdən basılaraq qabıq tam kəsilir, bıçaq basılı vəziyyətdə gövdə ətrafında yarım fırlatma hərəkəti edərək calaqaltının gövdəsində köndələninə qabığın iki kəsiyi alınır. Həmin kəsimlərin uzunluğu gövdənin 1/2 hissəsindən az, 2/3 hissəsindən çox olmamalıdır. Tiyələrin birinin ucu ilə qabıq yuxarıdan aşağı kəsilərək köndələninə kəsimlərin ucları birləşdirilir. Bu qayda ilə calaq üçün hazırlanmış yer “aynacıq”, dördbucaq formada kəsilmiş qabıq parçası “qalxancıq”, qalxancığın kəsilib götürülməsi isə “aynacığın açılması” adlanır. Aynacığın qabığı tiyənin ucu ilə, ya da yarpaq saplağı qalığından sol əlin baş barmağı ilə sağdan-sola fırlatma hərəkəti nəticəsində qoparılaraq yerində saxlanılır. Calaq materialından gözlə birgə qalxancıq hazırlayıb calaqaltına köçürənə qədər “aynacıq tam açılmır”.
Calaq materialından xüsusi bıçağın köməyi ilə köçürmək üçün qalxancıq hazırlanır. Bu əməliyyat calaqaltında “aynacığın açılmasını” xatırladır. Zoğu sol əldə tutaraq sağ əl ilə bıçaq göz ortada qalmaqla zoğa perpendikulyar qoyulur. Üstündən basılı vəziyyətdə bıçağın zoğ ətrafında fırlatma hərəkəti nəticəsində qabıq köndələninə kəsilərək, calaqaltıda olduğu kimi, ucları birləşdirilir. Sağ əlin baş barmağı ilə yarpaq saplağından sağ tərəfə basaraq göz qabıqla birlikdə qoparılıb götürülür. Hazırlanmış qalxancıq sağ əldə olub, sol əllə calaqaltında “aynacıq açılaraq” qalxancıq oraya yerləşdirilir.