Cəvizin (Juglans regia) göz calağı edilməsində calaqaltı kimi cəviz cinsinin digər növləri (qara cəviz - J.nigra) və hibrid formaları da (J. regia x J. nigra, J. nigra x J. hindsy) geniş istifadə edilir. Azərbaycanda potensial calaqaltı kimi qoz fəsiləsindən (Juglandaceae) olan göyrüşyarpaq yalanqoz (Pterocarya pterocarpa) çıxış edir. Calaqaltının düzgün seçilməsi bir neçə məqsədə xidmət etmiş olur. Becərilən ağac daha dözümlü, qısa boylu və ya tezböyüyən olur. Lakin, bunun da öz çatışmayan tərəfləri vardır – calaqaltı və calaqüstü tam uyğunlaşmaya da bilər, az ömürlü olur və s. Məsələn, ABŞ-da adi cəviz torpaqda olan nematodlara dözümlü olmadığı halda yerli qara cəviz (qara qoz) və hibrid forma (J. regia x J. nigra) davamlıdır. Fransada Franquette sortunun çoxaldılmasında calaqaltı kimi qara qoz istifadə olunsa da cəvizlə müqayisədə ömrü qısa olur.
Qərzəkli meyvə bitkilərinin əkin materialının yetişdirilməsində, kütləvi şoxaldılmasında, sort və formaların artırılmasında, bağ və plantasiyaların yaradılmasında tətbiq olunan vegetativ çoxaltma üsulları aşağıdakılardır:
Calaqla çoxaltmanı bütün qərzəkli meyvə bitkilərinə aid etmək olar. Fındıqdan başqa digər qərzəkli meyvə bitkilərinin (cəviz, şabalıd, badam, püstə) kütləvi vegetativ çoxaltma üsulu calaqla çoxaltmadır. Odur ki, qeyd olunan digər vegetativ çoxaltma üsulları (2-5) fındığa aid edilir.
Toxum və vegetativ çiliklə çoxaldılmış əkin materialının özünə məxsus kök sistemi olur. Calaqla çoxaldılmış əkin materialında isə kök bir bitkiyə (calaqaltı), yerüstü hissə isə (calaqüstü) digər bitkiyə mənsub olur.
3.5.2. Fındıq bitkisinin çoxaldılması və tinglərinin yetişdirilməsi
Fındıq bitkisi toxumla, kök pöhrələri, calaq vasitəsi ilə, daldırma üsulu ilə çoxaldılır. Seleksiya məqsədilə yeni sortlar əldə etmək üçün toxumlardan istifadə olunur. Toxumdan əmələ gələn tumsarlara calaq vuraraq daha məhsuldar və yüksək yağlılığa malik sortların əkin materialının əldə olunması mümkündür.