3.1. Əkin materialının becərilməsinin bioloji və ekoloji əsasları
Meyvə bağının yaradılmasının nəticəsi daha çox istifadə olunan əkin materialının keyfiyyətindən asılıdır, səmərəliliyini isə əkin materialının keyfiyyəti təyin edir. Əkin materialının (tumsar, calaq tinglər) keyfiyyətini onların yerüstü (gövdənin hündürlüyü, H) və yeraltı hissələrinin (kök sisteminin uzunluğu, L) ölçüləri və kök boğazında diametri (D0), xarici əlamətləri və eləcə də bitkinin ayrı-ayrı orqanlarının inkişaf dərəcəsi, onların nisbəti təyin edir.
Bütövlükdə, əkin materialının yerüstü və yeraltı hissələri 3:1 nisbətində inkişaf etdikdə keyfiyyətli hesab olunur. Bütün hissələri və orqanları normal və harmonik inkişaf etmiş və müəyyən tələblərə cavab verən əkin materialı keyfiyyətli hesab edilə bilər.
H:L=3:1
Həmin tələblər xüsusi sənədlərdə - dövlət standartlarında (DÜST) öz əksini tapmışdır .
DÜST= ГОСТ
Əkin materialı standartı dedikdə toxmacarın və ya tingin tipik növü (nümunəsi, etalonu) nəzərdə tutulur.
Ölçülərinə və əlamətlərinə görə qəbul olunmuş etalonun tələblərinə cavab verən əkin materialı standart adlanır.
Eynilik təşkil edən obyektlərin vahid nümunəyə - etalona uyğunlaşdırılması standartlaşdırma adlanır.
Əkin materialı avtonom - özütənzimlənən və idarə olunan canlı orqanizmdir. Həmin orqanizmdə bütün orqanlar və baş verən bütün bioloji proseslər qarşılıqlı sıx əlaqədə olub vəhdət təşkil edir.
Yetişdirilən konkret qərzəkli meyvə cinsinin biologiyasına və ekologiyasına əsaslanan, onun həyatında inkişaf və boytama proseslərinin xüsusiyyətlərini nəzərə alan əkin materialı-nın becərilməsi aqrotexnikası tətbiq olunmalıdır.