Tinglikdə alaq otları ilə mübarizə tədbirlərini əsas 3 qrupa bölmək olar:
I. Profilaktiki tədbirlər. Tinglikdə alaq otlarının yayılmasına qarşı kompleks aqrotexniki, təşkilati və nəzarət tədbirlərini nəzərdə tutur. Buraya tinglik üçün ərazi seçdikdə alaq otları ilə zibillənmə dərəcəsini və qonşu sahələrdə alaq otlarının yayılmasının nəzərə alınmasını, tingliyin ərazisinin təşkilini, şöbələrdə növbəli və çoxtarlalı əkin sisteminin tətbiqini, yaşıl gübrələrin verilməsində və kompostun hazırlanmasında aqrotexniki və texnoloji tələblərə riayət olunmasını, bitki karantin xidmətini (toxum və digər materiallarla karantin alaq otlarının gətirilməsinin qarşısının alınmasını) və s. göstərmək olar.
II. Alaq otları ilə aqrotexniki mübarizə tədbirləri. Əkin və səpin şöbələrində alaq otlarının əmələ gəlməsinin qarşısının alınması və onların (onların cücərtilərinin və bitkilərinin) mexaniki məhv edilməsi. Həmin aqrotexniki tədbirlər sırasında səpinlərin mulçalanmasını, cücərtilərin və körpə (zərif) bitkilərin kölgələndirilməsini, suvarmalardan və yağıntılardan sonra torpağın yumşaldılmasını, səpinlərdə və əkinlərdə cərgəarası və cərgələrdə torpağa aqrotexniki qulluğun aparılmasını göstərmək olar. Məsələn, torpağa aqrotexniki qulluq zamanı cərgəaralarında alaq otları mexaniki üsulla torpaq becərən alətlərin (pəncəli, bıçaqlı, rotorlu və s.) kultivatorlar vasitəsi ilə, cərgələrdə və gövdəətrafı mühafizə zonasında isə əl ilə toxalanaraq məhv edilir.
III. Tinglikdə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinin tətbiqi. Bitkiçilikdə istifadə olunan kimyəvi maddələr pestisidlər adlanaraq 4 sinifə bölünür (Şəkil 2.8):
Herbisidlər effektinə görə başdan-başa və selektiv (seçici) təsirə malikdirlər. Başdan-başa təsirə malik herbisidlər bütün bitkilərə eyni dərəcədə təsir göstərir, onları məhv etmək xüsusiyyətinə malikdir. Əkin və səpin aparılmayan (dincə qoyulmuş) tarlalarda tətbiq olunması tövsiyə olunur. Selektiv təsirə malik pestisidlər müəyyən qrupa (birillik və ya çoxillik), fəsiləyə (taxıllar, paxlalılar və s.) aid olan bitkiləri məhv edir ki, onlardan əkin-səpin şöbəsində istifadə etmək daha məqsədəuyğundur.