Plantasiya üçün ayrılmış sahənin bölüşdürülməsi. Böyük ərazilərdə plantasiya sahəsi 1...2 hektarlıq sərnələrə bölünür. Sərnələr arasında 4...5 m enində yol qoyulur. Plantasiyada aqrotexnoloji qulluq işlərinin mexanikləşdirilməsinin səmərəliliyini artırmaq məqsədilə sərnələrin düzbucaqlı formada olması daha məqsədəuyğundur. Sərnənin gödək tərəfi cərgəarası məsafəyə bölünərək cərgələrin sayı tapılır. Cərgənin uzunluğu sərnənin uzun tərəfinə bərabər olur. Əgər şpalerdə becərmə aparılacaqsa onda sahə bölüşdürülərkən şpaler üçün dayaqlar basdırılır və məftillər çəkilir.
Bitkilərin sahədə yerləşdirilməsi. Təsərrüfat şəraitində moruq plantasiyaları əsasən qrup (Şəkil 4.18) və lent (Şəkil 4.19) üsulunda əkilir. Qrup şəkilində əkin zamanı cərgəarası məsafə 2 m verilir. Lent üsulunda əkilmiş bitkilər xüsusilə suvarma şəraitində daha güclü böyüdüklərindən cərgəarası məsafə 2,5 m verilir. Lent bircərgəli və çoxcərgəli ola bilər. Hər iki üsulda bitkiarası məsafə 0,8 sm verilir. Əkin sxemindən asılı olaraq hektarda 5000....6250 ədəd bitki yerləşdirilir.
Moruq bitkisi çarpaz tozlanan bitkidir. Ona görə də plantasiyanın salınmasında bir neçə sortdan istifadə olunması tövsiyə edilir. Sortlar sərnələr üzrə 6...10 cərgədən bir növbələşdirilir. Qonşu sortların çiçəkləmə vaxtı eyni olmalıdır.
Bitkilərin əkin yerinin nişanlanması. Cərgələrin və bitkilərin əkin yerinin dəqiq təyin edilməsi üçün üzərində bölgü olan markerlərdən istifadə olunur. Əkinin düz xətt üzrə aparılması məqsədilə sərnənin uzunluğu boyu şpaqat çəkilir. Əkinin şırımda aparılması daha məqsədəuyğundur. Lakin çalaya əkin də aparıla bilər. Dərin plantaj şumu aparılmış, kifayət qədər üzvi və mineral gübrə verilmiş sahələrdə çalanın dərinliyi 20...25 sm götürülür. Plantaj
şumu aparılmayan və gübrə verilməyən sahələrdə isə çalanın dərinliyi 40 sm, diametri isə 50 sm götürülür. Hər çalaya 5...6 kq çürümüş peyin və yaxud üzvi-mineral qida qarışığı (5...6 kq peyin, 30...40 q superfosfat və 20...25 q kalium duzu) verilir.
Bitkilərin əkilməsi. Böyük plantasiyalarda əkin aparılacaq şırımlar texnikanın köməyi ilə açılır (Şəkil 4.20).