Mineral gübrə kimi təsiredici maddə hesabı ilə 45...60 kq/ha fosfor və kalium verilir. Ümumiyyətlə yaxşı olar ki, şum altına üzvi-mineral gübrə qarışığı verilsin. Bunun üçün 25...30 t/ha çürümüş peyin, 5...6 sent/ha superfosfat və 1,5...2 sent/ha kalium duzu götürülür.
Əkinqabağı sahə alaq otlarından təmizlənməlidir. Sahəni birillik alaq otlarından təmizləmək məqsədilə əkinə 3...4 həftə qalmış qlifosat və ya propizamid herbisidinin verilmə tövsiyə edilir. Çoxillik alaq otları isə sistem xarakterli MSPV və ya qlüfozinat herbisidi ilə məhv edilir.
Virus mənşəli xəstəliklərin yayılmasında nematodlar mühüm rol oynayır. Ona görə də əkindən qabaq torpağın və bitkinin nematodla sirayətlənmə dərəcəsi yoxlanmalıdır. Əgər torpaqda nematod aşkarlanarsa əkindən qabaq yayın sonunda fumiqasiya aparılır.
Əkin vaxtı. Moruq bitkisi vegetasiyaya erkən başlayan bitkilər qrupuna daxildir. Ona görə də plantasiyanın payızda (oktyabr) salınması daha məqsədəuyğundur. Payız quraq keçdikdə torpaqda nəmlik çatışmır. Ona görə də belə şəraitdə əkinin yazda aparılması daha məqsədəuyğundur. Lakin yazda təsərrüfatlarda iş çox olduğundan əksər vaxtlarda payız əkinlərinə üstünlük verilir.
Moruq tinglərinin əkin üçün hazırlanması. Əkin materialı əkindən qabaq nəzərdən keçirilir (Şəkil 4.17). Zədələnmiş köklər kəsilir. Kök sistemi 18...20 sm-ə qədər gödəldilir. Köklər torpaq horrasına batırılır və əkin yerinə gətirilir.