Bir soxulcan orta hesabla ildə 100 q biohumus hazırlayır.
Torpağın münbitliyinin təbii yolla artırılması. Son illərdə torpağın münbitliyinin təbii yolla artırılması bağçılıqda aktual məsələlərdəndir. Müxtəlif həcmi sıxlığa malik torpaqarda, o cümlədən qumsal və gillicəli torpaqlarda münbitliyi artırmaq məqsədilə peyin, quş zılı, kompost, yumurta qabığı, taxta kəpəyi və maya göbələklərindən istifadə olunur. Çünki torpaqdakı bitki qalıqlarının oksidləşməsi, qıcqırması və çürüməsi nəticəsində humus əmələ gəlir. Bu prosesin fəal iştirakçısı isə maya göbələkləridir.
Moruq plantasiyasının salınmasına 5...6 ay qalmış sahəyə təzə peyin verilir. Məsələn, əgər bitkilərin növbəti ilin yazında əkilməsi planlaşdırılırsa peyin payızda – sentyabr-oktyabr aylarında sahəyə verilir.
Çürümüş peyin isə payızda və yaxud yazda birbaşa əkin altına verilir.
Quş zılı təzə halda əkindən altı ay qabaq sahəyə verilir. Quru halda olan quş zılı isə əkin ərəfəsində istifadə olunur.
Moruq bitkisi üçün kompost kimi əsasən 3:1 nisbətində torf və peyin qarışığından istifadə edilir. Həmin qarışıq lay-lay hazırlanır və payızdan yaza qədər saxlanılır. Yazda əkin vaxtı həmin qarışıq çalaya verilir.
Turş torpaqları neytarllaşdırmaq üçün sahəyə yumurta qabığı və yaxud kül verilir. Yumurta qabığı 100 % kalsiumdan ibarət olmaqla suda pis həll olur və bu səbəbdən də torpağın məsaməliliyinin artırılmasında mühüm rol oynayir. Xüsusilə gilli torpaqlarda yumurta qabığından istifadə daha məqsədəuyğundur. Kül, torpaqda pH-ın səviyyəsini dəyişməklə yanaşı kalium və fosforun moruq bitkisi tərəfindən asan mənimsəniləcək formaya salınmasında iştirak edir. Bu isə yüksək və keyfiyyətli məhsul əldə olunmasında mühüm rol oynayır.
Torpaqdakı mikroorqanizmlərin həyat fəaliyyətinin gücləndirilməsi məqsədilə əkin vaxtı torpağa adi mətbəx mayası verilir.
Sahəyə veriləcək üzvi gübrələrin norması Cədvəl 4.3-də verilir.
Adı | Norma, kq/m2 |
Peyin | 4 – 6 kq |
Çürümüş peyin | 2 – 3 kq |
Təzə quş zılı | 400 – 500 q |
Quru quş zılı | 200 – 300 q |
Kompost | 3 – 4 kq |
Kül | 300 q |
Yumurta qabığı | 200 q (torpağın turşuluğunu pH şkalası üzrə bir vahid neytarllaşdırır) |
Cədvəl 4.3. Üzvi gübrələrin sahəyə verilmə norması
Torpağın əkinqabağı şumlanması. Moruq üçün ən yaxşı sələf dənli-paxlalı və cərəgəarası toxalanan bitkilər, həmçinin yaşıl gübrə kimi lüpin bitkisi sayılır. Moruq bitkisinin əsas kök sistemi sortdan asılı olaraq 18...20 sm-dən 40...45 sm-ə qədər dərinlikdə yerləşir. Ona görə də seçilmiş sahədə 35...40 sm dərinliyində şum aparılır (Şəkil 4.16). Podzollaşmış torpaqlarda isə şum qatından əlavə olaraq 15 sm dərinliyində qruntun yumşaldılması prosesi həyata keçirilir. Podzol torpaqlarda şum altına 30...40 t/ha, digər torpaqlarda isə 20...30 t/ha çürümüş peyin verilir. Əgər təsərrüfatda peyin yoxdursa onda sahəyə şumdan qabaq sideral otların toxumları səpilir.