Növbəli əkin dövriyyəsi torpağın qida maddələri ilə zənginləşməsinə, strukturunun yaxşılaşmasına və alaq otlarından təmizlənməsinə xidmət göstərməlidir. Ona görə də növbəli əkin dövriyyəsində əsasən tərəvəz bitkilərindən və çoxillik otlardan (dənli və paxlalı ot bitkilərinin qarışıq səpini) istifadə edilir.
Praktikada ən yaxşı nəticə çiyələyin sideratlarla, o cümlədən sabahgülü (Şəkil 4.14) ilə növbələşdirilməsində əldə olunur. Çünki bu bitkinin kökləri torpağa çoxlu mirdarda alkoloidlər və fitonsidlər ifraz etdiyindən bir çox xəstəliktörədiciləri, zərərvericiləri, o cümlədən nematodların məhvində mühüm rol oynayır.
Sələf bitki olaraq pomidor, bibər, badımcan və moruq bitkilərindən istifadə olunması tövsiyə edilmir. Çünki həmin bitkilər çiyələklə eyni xəstəlik və zərərvericilərə malikdir.
4.2.2. Moruq
Plantasiya üçün sahənin seçilməsi. Moruq bitkisi üçün əsasən düzən ərazilər və yaxud mailliyi 3..50 olan sahələr seçilir. Eyni zamanda mailliyi 8...100, dağlıq və dağətəyi rayonlarda hətta 150-yə qədər olan ərazilər də moruq plantasiyaları üçün seçilə bilər. Moruq bitkisi üçün yaxşı işıqlanma şəraitinə malik ərazilər seçilməlidir.
Rütubətə yüksək tələbkar olan moruq su durğunluğuna tab gətirmir. Qrunt sularının səviyyəsi torpaq səthindən 1,0...1,5 m dərinlikdə yerləşməlidir. Həddindən artıq quraq və rütubətli ərazilər moruq plantasiyaları üçün əlverişsizdir.
Qumsal, həddindən artıq ağır, bataqlıq, şoran və əhəngli torpaq tipləri istina olmaqla bütün torpaqlarda normal bitir. Əsasən yüngül mexaniki tərkibə malik qida maddələri ilə zəngin torpaqlar moruq üçün daha əlverişlidir. Moruq bitkisi səthi kök sistemi yaratdığından torpağın münbit qatı 30 sm olduqda da əlverişli sayılır.
Moruq bitkisi torpaqda turşuluğa yüksək həssas bitkidir. pH 6,5-dən aşağı olduqda moruq bitkisi pis böyüyərək çiçəkləmə və meyvəvermə əmsalı aşağı düşür, meyvələr xırdalaşmaqla turş dada malik olur. Plantasiya üçün ərazi seçilərkən torpaq mühiti, strukturu və torpaqda rütubət düzgün təyin olunmalıdır. Müasir dövrdə bunun üçün müxtəlif cihazlardan istifadə edilir.
Moruq plantasiyası hakim küləklərdən mütləq mühafizə olunmalıdır. Ona görə də plantasiya üçün təbii qorunacaqlı sahələr daha əlverişlidir. Əgər təbii qorunacaq yoxdursa onda plantasiyanın ətrafında əkindən qabaq meşə zolağı salınmalıdır.