Dördcərgəli lent üsulunda lentarası məsafə 60...70 sm, lentdə cərgəarası 30...40 sm, cərgədə bitkiarası 20...25 sm verilir (Şəkil 4.12).
İrimeyvəli sortlar əsasən kvadrat-yuva əkin sxemində əkilir. Bu halda cərgəarası və bitkiarası məsafə 50 sm verilməklə hər yuvada biribirindən 9...10 sm aralı 3 bitki üçbucaq şəkilində əkilir. Kvadrat-yuva əkin sxemində hektarda 1200 ədəd bitki yerləşdirilir.
Bitkilərin əkilməsi. Bitkilərin əkilməsi prosesində əkin dərinliyinə xüsusi diqqət yetirilməlidir (Şəkil 4.13).
Əkilən zamanı bitkinin kök sistemi tamamilə torpaqla örtülməlidir. Eyni zamanda bitkinin əsas gövdəsi torpaq altında qaldıqda çürümə baş verir. Əgər kök boğazı torpaq səthində yuxarıda yerləşərsə açıqda qalan köklər quruyur və bitki məhv olur. Əkindən sonra torpaq bərkidilməlidir ki, onunla köklər arasında hava boşluğu qalmasın. Çünki hava boşluğunda köklərdə çürümə baş verir.
Çiyələk planatsiyasında növbəli əkin dövriyyəsinin təşkili. Ümumiyyətlə çiyələk bitkisi yüksək aqrotexnoloji qulluq şəraitində 6 yaşına qədər məhsul verə bilir. Ona görə də 5...6 ildən sonra təsərrüfatda yeni çiyələk plantasiyası salınır. Lakin yeni plantasiyanın köklənmiş plantasiyanın yerində salınması yolverilməzdir. Çünki həmin sahədə torpaqda çiyələk bitkisinin kifayət qədər xəstəliktörədiciləri və zərərvericiləri toplanmış olur. Ona görə də yerli torpaq-iqlim şəraitinə uyğun növbəli əkin dövriyyəsi təşkil olunur.