Mulça kimi iynəyarpaqlı bitkilərin quruyaraq tökülmüş iynələri də əlverişlidir. Bu məqsədlə qurumuş iynəyarpaqlar ləklərin üzərinə 5 sm qalınlığında tökülür. Məhsul yığıldıqdan sonra həmin iynəyarpaqlar sahədən yığılır, kalium permanqanat məhlulu ilə yuyulur, qurudulur və növbəti vegetasiyada istifadə üçün saxlanılır. Normal saxlanma şəraitində 5 il istifadə oluna bilər. Onların torpağa qarışdırılaraq şumlanması məsləhət görülmür. Çünki bu halda torpaqda turşuluq artır. Qeyd olunan materiallar olmadıqda torf, çürüntü, ağac kəpəyi, ağac qırıntıları və s. mulça kimi istifadə oluna bilər (Şəkil 4.8).
Əkin vaxtı. Açıq sahədə çiyələk bitkisi bütün vegetasiya boyu - erkən yazdan payıza qədər əkilə bilər. Lakin ən əlverişli əkin vaxtı erkən payız və yaxud yayın sonu saylır. Əgər həmin müddətdə çiyələk əkini mümkün olmursa onda plantasiya erkən yazda salınır. Yay-payız əkinlərində çiyələk bitkisi güclü kök sistemi formalaşdırır və növbəti ildə məhsul verir. Ona görə də əgər həmin müddətdə (avqustun ortalarından sentyabrın sonuna qədər) torpaqda kifayət qədər nəmlik olduqda bitkilər əkilir. Lakin qışı şaxtalı keçən və qar örtüyü nazik olan bölgələrdə yaz əkinlərinə üstünlük verilir.
Çiyələk şitillərinin əkin üçün hazırlanması. Əkin materialı əkindən qabaq nəzərdən keçirilir (Şəkil 4.9). Zədələnmiş köklər və yarpaqlar kəsilir. Kök sistemi 6...8 sm-ə qədər gödəldilir. Köklər torpaq horrasına batırılır və əkin yerinə gətirilir.
Bitkilərin sahədə yerləşdirilməsi. Əkin sxemləri. Əkin bir cərgəli, ikicərgəli və dördcərgəli və yaxud kvadrat-yuva şəkilində əkilə bilər.
Bircərgəli üsulda cərgəarası 70...80 sm, cərgədə bitkiarası 20...25 sm verilir (Şəkil 4.10).
İkicərgəli lent üsulunda lentarası məsafə 70 sm, lentdə cərgəarası məsafə 30 sm, cərgədə bitkiarası isə 20 sm verilir (Şəkil 4.11).