Həmin vaxtdan gec olduqda artıq onlar torpağın dərin qatlarında gizlənir.
Torpağın əkin qabağı şumlanması. Kiçik sahələrdə torpaq əllə bellənir (Şəkil 4.4). Böyük ərazilərdə isə texnikanın köməyi ilə şum aparılır (Şəkil 4.5).
Ərazinin torpağı şumlanarkən oraya gübrələr verilməlidir. Çim-podzol torpaqlar 20...22 sm, podzollaşmış və qara torpaqlar isə 28...30 sm dərinliyində yumşaldılır. Torpaq nə qədər dərin yumşaldılarsa çiyələk köklərinin normal böyüməsi və inkişafı üçün o qədər də əlverişli su və qida rejimi yaranar. Nəticədə bitkinin immunluğu artmaqla məhsuldarlıq da yüksəlir.
Yaz əkinləri üçün torpaq payızdan becərilir, payız əkinləri üçün isə payızda əkindən 15...20 gün əvvəl torpaq hazırlanır. Torpaq əkin üçün hazırlanarkən oraya üzvi gübrələr – çürümüş peyin, torf, kompost verilir. Belə ki, 3...5 kq/m2 hesabı ilə kompost, torf və yaxud çürümüş peyin verilə bilər.
Üzvi gübrələdən əlavə əraziyə torpaq tipindən asılı olaraq müxtəlif normalarda mineral gübrələr də verilə bilər. Belə ki, torpaq əkin üçün hazırlanarkən çim-podzol torpaqlarda 30...40 q/m2 superfosfat, 15 q m2 kalium duzu, 15...20 q/m2 ammonium nitrat; podzollaşmış və qara torpaqlarda 20...30 q/ m22 superfosfat, 10 q/m2 isə kalium duzu və ammonium nitrat verilir. Eyni zamanda 5 kq/m2 hesabı ilə ağac külü də verilməsi məqsədəuyğundur. Əgər ərazinin torpağı yüksək münbitliyə malikdirsə gübrə verilməyə də bilər. Çünki qida maddələrinin ifrat dərəcədə olması da çiyələk bitkisinə mənfi təsir göstərir. Belə ki, bu zaman çiyələk bitkisinin vegetativ böyüməsi güclənir, məhsuldarlıq kəskin surətdə aşağı düşür.
Son illərdə ləklərin tirə şəkilində düzəldilməsi üsulu geniş tətbiq olunur. Bu halda faraş məhsul əldə olunur. Böyük təsərrüfatlarda tirəşəkilli ləklər müxtəlif texnikaların köməyi ilə düzəldilir (Şəkil 4.6).
Müasir dövrdə çiyələk bitkisinə qulluq işlərinin asanlaşdırılması və faraş məhsul əldə edilməsi məqsədilə birbaşa əkin altında qalan hissələr mulçalanır. Lakin qeyd edək ki, sahənin mulçalanması əlavə xərc və əmək tələb edir. Buna baxmayaraq mulçanın bir sıra üstünlükləri var: