Şosse və dəmir yollarının mövcudluğu giləmeyvə məhsulunun tez bir zamanda itkisiz realizə edilməsi üçün başlıca göstəricidir. Məhsulun başqa yerə göndərilməsində ləngimə zamanı məhsul itikisinin qarşısını almaq məqsədilə, təsərrüfatlarda iri meyvə saxlayıcılarının və ilkin emal müəssisələrinin də planlaşdırılması tələb olunur.
Su növləri və suvarma mənbələri. Bildiyimiz kimi giləmeyvə bitkiləri səthi kök sistemi yaratdığından rütubətə yüksək tələbkar bitkilər qrupuna aiddir. Ona görə də plantasiya üçün sahə seçilərkən bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır. Plantasiya üçün sahə çaylara və göllərə yaxın ərazilərdə seçilməlidir. Əgər bunlar yoxdursa, ya süni göllər yaradılmalı və yaxud da subartezian quyuları qazılmalıdır.
Cins və sortlara tələb. Giləmeyvə bitkilərinin cins və sortları seçilərkən onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma müddəti nəzərə alınmalıdır.
4.2. Giləmeyvə plantasiyalarının təşkili
4.2.1. Çiyələk
Plantasiya üçün sahənin seçilməsi. Çiyələk torpağa tələbkar deyil. Bataqlıq ərazilər və quraq qumlu torpaqlar istisna olmaqla münasib qulluq şəraitində bütün torpaq tiplərində normal bitir. Lakin yüngül mexaniki tərkibə malik (qumsal və yüngül gillicəli), qida maddələri ilə zəngin, normal havalanma şəraiti olan rütubətli torpaqlarda daha yaxşı məhsul verir. Çiyələk rütubətə yüksək tələbkar bitkidir. Çünki çiyələk bitkisi səthi kök sistemi yaradır. Belə ki, onun əsas kök kütləsi torpağın 20 sm-ə qədər dərinliyində yerləşir. Eyni zamanda çökək yerlərdə su durğunluğu olduğundan belə ərazilərdə çiyələyin becərilməsi əlverişli deyil. Çiyələk üçün seçilmiş ərazilərdə qrunt suları torpaq səthindən 70...80 sm dərinlikdə yerləşməlidir. Çiyələk plantasiyaları üçün seçilmiş əraziləri güclü leysan yağışları zamanı su basmamalı və torpaq lillə dolmamalıdır. Əks təqdirdə məhsul tamamilə itkiyə gedər, bitki isə çürüyər. Çiyələk plantasiyaları həm ayrıca salına bilər, həm də cavan meyvə bağlarında cərgəarasında becərilə bilər.
Plantasiya sahəsinin təşkili. Torpağın hazırlanması. Torpağın əkinqabağı düzgün hazırlanması yüksək məhsuldarlığa zəmanət verir. Çiyələk plantasiya üçün seçilmiş ərazi alaq otlarından, xırıldaq böcəyinin sürfələrindən və məftil qurdlarından təmizlənməlidir. Böyük ərazilərdə alaq otları ilə mübarizə texnikanın köməyi ilə aparılır (Şəkil 4.3).
Praktika göstərir ki, torpaqda hətta az midarda xırıldaq böcəyinin və məftil qurdlarının olması çiyələk becərilməsini çətinləşdirir. Xüsusilə xırıldaq böcəyi kök sistemini güclü şəkildə zədələyir və nəticədə bitki məhv olur. Plantasiyalarda həmin zərərvericilərlə mübarizə isə əlavə xərc tələb edir. Ona görə də plantasiya salınmamışdan əvvəl zərərvericilərlə mübarizə aparılmalıdır. Bir qayda olaraq torpağın becərilməsi sentyabrın ortalarından gec olmayaraq aparılmalıdır. Çünki həmin ərəfədə xırıldaq böcəyi torpağın üst səthində olduğundan onunla mübarizə də asanlaşır.