Torpaq məhlulunun reaksiyasını lakmus kağızı vasitəsilə də təyin etmək olar. Bunun üçün qurudularaq ələnmiş torpaq distillə olunmuş suda yaxşı həll edilir. Sonra torpaq qarışıq məhlul bir yerdə saxlanılaraq çökdürülür. Lakmus kağızı bir neçə saniyəlik həmin məhlulda saxlanılr. Sonra indikator rəng şkalası əsasında qiymətləndirilərək pH təyin olunur.
Qeyd olunan cihaz və avadanlıqlar olmadıqda ərazinin bitki örtüyü əsasında da torpaq mühitini təyin etmək olar. Belə ki, turş torpaqlarda əsasən at turşəngi, yeyilən qaymaqçiçəyi, sürünən qaymaqçiçəyi, çöl qatırquyruğu, üçyarpaq dovşan kələmi, çəmən ürəkotu və s. bitir.
Qələvi torpaqlarda isə əsasən acı yovşan, dəvədabanı, ceyranotu, ziyilli sirkən bitkiləri bitir.
Torpaqda nəmliyin öyrənilməsi. Giləmeyvə plantasiyaları üçün seçilmiş ərazidə torpaqdakı nəmlik tenziometr cihazı ilə daha dəqiq təyin olunur (Şəkil 4.2).
Torpaqdakı nəmliyi təyin etmək üçün cihaz torpağa sancılır və onun üzərindəki ox rütubətin səviyyəsinə uyğun hərəkət edir. Ekrandakı rənglərə uyğun olaraq nəmlik haqqında dəqiq məlumat əldə olunur:
Cihaz olmadıqda ərazinin təbii bitki örtüyü əsasında rütubətlənmə səviyyəsi müəyyən edilir. Belə ki, ərazidə topulqa, bədmüşk (pişpişi), meşə qamışı, boz və qara qızılağac, qarğı (qamış) və qazayağı bitkilərinin yayılması həddindən artıq rütubətə dəlalət edir.
Təsərrüfat-təşkilati şərait. Yaşayış yerlərinin və nəqliyyat yollarının mövcudluğu. Giləmeyvə plantasiyaları üçün sahə seçərkən yaşayış yerlərinin yaxınlığı və yolların mövcudluğu ciddi amil kimi nəzərə alınır. Yaşayış məntəqələrinin uzaqlığı işçi qüvvəsindən səmərəli istifadəni çətinləşdirir. Giləmeyvə bitkilərinin meyvəsi tez xarab olduğundan xüsusilə məhsul yığımı dövründə işçı qüvvəsinin çatışmazlığı pis nəticə verir və yüksək məhsul itkisinə səbəb olur. Giləmeyvə bitklərində məhsulun yığılma müddəti çox qısa olduğundan həmin dövrdə işçi qüvvəsinə böyük ehtiyac duyulur.