Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Giləmeyvə plantasiyaları üçün sahə seçərkən yüksək ixtisaslı aqrar mütəxəssislər (torpaqşünas, meyvəçi, meliorator, aqrometroloq cəlb olunmalıdır. Giləmeyvə plantasyaları üçün sahə yaşayış yerlərinə yaxın seçilməlidir ki, istehsalın təşkili, əmək ehtiyatlarından və texnikadan səmərəli istifadə, məhsulu vaxtında və itkisiz yığmaq mümkün olsun.
Eyni zamanda təbii şərait və mikroiqlim amillərinə xüsusi diqqət yetirilməlidir ki, plantasiya sahəsi giləmeyvə bitkilərinin ömrünə uyğun keyfiyyətli fəaliyyət göstərə bilsin. Təbii şərait və mikroiqlim amilləri giləmeyvə bitkilərinin ekoloji tələbatına uyğun olmalıdır.
Seçilmiş ərazinin torpağının əkin üçün hazırlanması, əkindən qabaq sahəyə mineral və üzvi gübrələrin aqrotexnoloji qulluq qaydalarına uyğun olaraq vaxtında verilməsi, plantasiya salınmamışdan qabaq alaq otları ilə düzgün mübarziə yüksək giləmeyvə məhsulu istehsalına zəmanət verir.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
- giləmeyvə plantasiyaları üçün sahənin seçilməsi – hər hansı bölgənin torpaq-iqlim şəraitinin təhlili və həmin şəraitə uyğun giləmeyvə bitkilərinin seçilməsi ilə bağlı məsələləri öyrənəcəksiniz;
- təbii şərait – relyef, iqlim, torpaq, qrunt suları, bitki örtüyü və s. giləmeyvə bitkilərinin tələbləri baxımından qiymətləndirilməsi, profillər üzrə torpaq nümunələrinin götürülməsi, tərkibində qida maddələrinin miqdarının təyini, analiz nəticələrinin təhlili, buna müvafiq olaraq sahəyə veriləcək müxtəlif üzvi və qeyri-üzvi gübrələrin müəyyən edilməsi haqqında geniş məlumat əldə edəcəksiniz;
- təsərrüfat-təşkilati şərait – yaşayış yerlərinin, şosse və dəmir yollarının mövcudluğu və yaxınlığı, suvarma mənbələri (sudan istifadə hüququ, suyun keyfiyyəti və onun analizi), cinslərin yerli şərait üçün əsaslandırılması, məhsulun relizəsi və d. məsələləri biləcəksiniz;
- plantasiya sahəsinin təşkili – torpağın hazırlanması, torpağın əkinqabağı şumlanması, bağ üçün ayrılmış sahənin bölüşdürülməsi, bağqoruyucu meşə zolağının yaradılması, suvarma sistemlərinin (quyular, nasos, suvarma xəttləri, aralıq vannalar, damcı suvarma, dairəvi çiləyici, suyu tullayan çiləyici, təpə - bitki üzərindən suvarma və s.) və təsərrüfat tikililərinin təşkili haqqında biliklər əldə edəcəksiniz;
- plantasyanın salınması və bitkilərin sahədə yerləşdirilməsi – əkin sxemlərinin və qida sahəsinin təyini, qəbul edilmiş qida sahələri, sahənin bölüşdürülməsi, əkin materialının keyfiyyəti və onun əkinə hazırlanması, əkin qaydası, əkin vaxtı haqqında təcrübi biliklər əldə edəcəksiniz;
- plantasiya sahəsində giləmeyvə bitkiləri üzrə növbəli əkin sxeminin əhəmiyyəti, növbəli əkində istifadə edilən bitkilərə qoyulan əsas tələblər haqqında məlumatlar əldə edəcəksiniz və növbəli əkin dövriyyəsinin düzgün tərtib edilməsi qaydalarını tam mənimsəyəcəksiniz.