Əkin zamanı bitkiarası məsafə 5 sm verilir. Əkilmiş çiliklər müntəzəm olaraq suvarılır. Gündə 5 dəfə çiliklərə su püskürdülür. Növbəti ilin yazına qədər çiliklər istixana şəraitində saxlanılır. Yazda şirə hərəkəti başlayana qədər kök atmış çiliklər çıxarılaraq daimi yerinə köçürülür (Şəkil 3.26).
Odunlaşmış çiliklə artırma zamanı çiliklər payızda tədarük edilir. Onlar qış dövründə +1...+5 °C temperatur şəraitində yeşiklərdə quma basdırılaraq şaquli vəziyyətdə saxlanılır. Yazda çiliklər parnikdə və yaxud qidalı dibçəklərdə əkilərək suvarılır. Yaşıl çiliklərdə olduğu kimi qulluq işləri aparılır. Payızda köklənmiş əkin materialı əldə olunur (Şəkil 3.27).