Qara qarağat bitkisində anaclıqdan çiliklər əkinin birinci ilindən payızdan tədarük olunmağa başlayır. Qırmızı qarağatda isə əkindən sonra ikinci il çiliklər tədarük olunur. Anaclıq plantasiyanın tam gücü ilə fəaliyyəti üçün 3...4 il tələb olunur (Şəkil 3.21). Qara qarağat anaclığı təxminən 8...9 il, qırmızı qarağat anaclığı isə 9...10 il fəaliyyət göstərir. Ona görə də əkin materialı istehsalında fasiləyə yol verməmək üçün birinci əkindən dörd il sonra yeni anaclıq salınmalıdır. Belə olduqda birinci salınmış anaclıq plantasiyada bitkilər kökləndikdə yeni salınmış plantasiya artıq tam gücü ilə fəaliyyət göstərir.
Qara qarağat bitkisinin anaclığı birillik, qırmızı qarağat bitkisinin anaclığı isə ikiillik sağlam və standarta tam uyğun tinglərdən salınır. Əkin şərti kök boğazından 8...10 sm yuxarıdan aparılır. Əkindən sonra gövdəətrafı torpaq yaxşı tapdanır, torfla mulçalanır və dibi torpaqla doldurulur. Mulçadan əvvəl bitkinin yerüstü hissəsi torpaq səthindən bir qədər yuxarıdan, təxminən 1...2 ədəd tumurcuq saxlanmaqla kəsilir. Məqsəd vegetasiya dövründə 5...7 ədəd birillik güclü zoğların əmələ gəlməsini təmin etməkdən ibarətdir.
Vegetasiya dövründə bitkilərə yüksək aqrotexnoloji qulluq edilir. Qara qarağat bitkisində payızda həmin zoğlar əsasından kəsilərək onlardan çiliklər tədarük edilir. Qırmızı qarağat bitkisində isə çiliklər ikinci ilin yazında zoğların uzunluğunun yarısı, yaxud 2/3 hissəsi kəsilməklə tədarük edilir.
Hər kol üzərində 1...2 ədəd kəsilməmiş zoğ saxlanılır. Gələcəkdə həmin zoğlar üzərində məhsul əmələ gəlir. Məhsul əsasında bitkilərin nəzərdə tutulan sorta məxsus olmasını yoxlamaq məqsədilə aprobasiya aparılır. Qalan digər zəif zoğların hamısı torpaq səthindən kəsilir.
Kollar tədricən böyüyərək bütöv lent-cərgə yaradır. Ümumilikdə kol üzərində olan budaqlar 2...4 yaş arasında olur. 4 yaşlı budaqlar torpaq səthindən kəsilir. Yaxşı formalaşmış bir koldan hə il 30...50 ədəd odunlaşmış çilik tədarük etmək olur. 1 ha anaclıqdan çilik çıxımı 120...280 min ədəd təşkil edir.
Anaclıqda cərgəarası topaq qara herik altında saxlanılır. Payızda kolların proyeksiyası boyunca 20 sm enində cərgəarası torpaq disklənir, yaxud 8...10 sm dərinliyində yumşaldılır. Əkindən sonra birinci ilin sonunda cərgəarası torpağa herbisid verilir.
Vegetasiya dövründə cərgəarası bir neçə dəfə alaqdan təmizlənir.