3.3. Qarağat və firəng üzümü
Əkin materialı istehsal etmək üçün anaclıqda əkilən bitkilər sortaməxsus, xəstəlik və zərərvericilərdən azad olmalıdır. Qarağat və firəng üzümünün anaclıq plantasiyaları əmttəlik plantasiyalardan ən azı 2 km məsafədə salınmalıdır. Anaclıq plantasiyalar adətən elit əkin materialından salınır. Qarağat bitkisində anaclığın istismar müddəti 6 il, firəng üzümündə isə 8 il təşki edir. Anaclıq plantasiyalardan əsasən çilik və basma yolu ilə əkin materialı istehsal olunur. Qarağat bitkisində bir koldan 18...20 ədəd, firəng üzümündə isə 20...30 ədəd əkin materialı əldə olunur.
Anaclıq plantasiya üçün sahənin seçilməsi və onun təşkili. Anaclıq üçün münbit, gillicəli, rütubətlənmə şəraiti normal olan, yaxşı drenaja malik torpaqlar daha əlverişlidir. Qara qarağat üçün bir qədər düzən və aşağı ərazilər daha əlverişlidir. Qırmızı qarağat üçün isə bir qədər hündür ərazilər daha əlverişlidir. Qrunt suları torpaq səthindən ən azı 1,5 m dərinlikdə yerləşməlidir.
Anaclıq üçün seçilmiş ərazi 4...10 ha həcmində sərnələrə bölünür. Ərazidə müxtəlif adlı yollar və mühafizə zolağı təşkil olunur. Sərnələr 4 m enində 100 m uzunluğunda şəbəkələrə bölünür. Hər bir sort ayrılıqda əkilir.
Əkindən qabaq ərazi qara herikdə saxlanılır.
Anaclıq plantasiya bitkilərə 2,5x0,7...1,0 m qida sahəsi verilməklə payızda salınır. Bu halda hektarda bitki sayı 4,0...5,7 min ədəd təşkil edir. Belə əkin sxemində hər bitki üçün ayrılıqda çala qazılması əlverişli deyil. Bitkilərin 30...40 sm enində və dərinliyində şırımlara əkilməsi iqtisadi cəhətdən daha əlverişlidir (Şəkil 3.20).