Moruq və böyürtkən bitkilərinin əkin materialının istehsalı texnologiyası. Əkindən sonra bitkilər suvarılır, sahə çürüntü ilə mulçalanır, bitkilərin yerüstü hissəsi kəsilir.
Payızda əkilmiş ana bitkilərin kök boğazı kiçik təpəciklər şəkilində torpaqla doldurulmalıdır. Erkən yazda torpaq topaları dağıdılır, sahəyə azot gübrəsi verilir (50...60 kq/ha) və torpaq yumşaldılır. Azotla yemləmə çox ehtiyatla aparılmalıdır. Çünki kök sistemi zərif olmaqla torpaq səthinə yaxında yerləşir.
Cərgəarası torpaq qara herik altında saxlanılır, vegetasiya dövründə lazım gələrsə sahəyə kultivasiya çəkilir, malalanır.
Suvarmanın cərgə boyu bitkilərə yaxın hissədən aparılması daha məqsədəuyğundur.
Bu halda köklərin əsas kütləsinin yerləşdiyi torpaq qatı rütubətlə normal təmin olunduğundan kök pöhrələrinin əmələ gəlməsi prosesi daha intensiv olur (Şəkil 3.15).
Vegetasiyanın əvvəlində (əkinin birinci ili) yemləmə şəkilində fosfor-kalium gübrələri verilir. Zoğların intensiv böyüməsi mərhələsində bir neçə dəfə “Premium Foliar” gübrəsi ilə kökdənkənar (yarpaq) yemləmə aparılır. Yemləmələr arasında 10...14 gün fasilə verilir.
Anaclıq plantasiyada alaqlarla mübarizə əsasən əllə aparılr. Çünki moruq və böyürtkənin kökləri torpaq səthinə çox yaxın yerləşdiyindən mexaniki mübarizə zamanı onlar zədələnə bilər.
Vaxtaşırı olaraq sahədə virus və göbələk mənşəli xəstəliklərin olub-olmaması ilə bağlı yoxlamalar aparılmalıdır. Xəstə kollar aşkarlandıqda onlar kökündən çıxarılaraq sahədən uzaqlaşdırılmalıdır. Gövdələrin əyilib yerə yatmaması üçün onlar torpaq səthindən 90...100 sm hündürlüyündə kəsilir. Çoxlu sayda kök pöhrələrinin əmələ gəlməsi üçün müxtəlif mulçalardan istifadə olunur (Şəkil 3.16).
Ən yaxşı nəticə torf və yaxud torf qarışıq digər mulçalardan istifadə zamanı əldə olunur. Mulça kimi taxta kəpəyindən istifadə olunduqda ting çıxımı orta dərəcədə olur. Ən aşağı ting çıxımı isə mulça kimi küləşdən istifadə olunduqda alınır.
Anaclıqda növbəli əkin dövriyyəsinin tərtibi. Anaclıq plantasiyada əsasən altıtarlalı əkin dövriyyəsindən istifadə olunur. Kartof, pomidor, badımcan və çiyələk bitkiləri moruq və böyürtkən bitkiləri ilə ümumi xəstəlik və zərərvericilərə malik olduqlarından onların sələf bitki kimi istifadə edilməsi məsləhət görülmür. Cədvəl 3.2-də nümunə olaraq əkin dövriyyəsi verilmişdir.