3.2. Moruq və böyürtkən
Moruq bitkisinin tinglərində virus mənşəli xəstəliklər daha təhlükəlidir. Ona görə də moruq bitkisinin virusdan azad əkin materialının istehsalı tinglikdə qlobal problemlərdən biridir. Virus mənşəli xəstəliklərə yoluxmuş moruq tingləri tamamilə məhv edilməlidir. Çünki belə tinglərdən salınmış plantasiyalarda məhsuldarlıq və məhsulun keyfiyyəti kəskin şəkildə aşağı düşdüyündən təsərrüfat ziyanla işləyir. Eyni zamanda fitosanitar normaya görə eyni yerdə uzun müddətli (maksimum 3...4 il) moruq tingi istehsalı məsləhət deyil. Virusa yoluxmuş moruq tingləri zəif olduğundan, bir sıra xəstəliklərlə, məs., gövdədə qırmızı ləkəlik, boz çürümə, antraknoz və d. xəstəliklərlə daha tez sirayətlənir. Böyürtkən bitkisi moruğa nisbətən xəstəlik və zərərvericilərə davamlıdır.
Qeyd olunanlar əsasında moruq bitkisinin əkin materialının istehsalı üçün sahə seçilərkən aşağıdakı məsələlər nəzərə alınmalıdır.
Anaclıq plantasiya üçün sahənin seçilməsi və onun təşkili. Təsərrüfat şəraitində moruq və böyürtkən bitkiləri əsasən kök pöhrələri ilə artırılır. Fitosanitar tələblərə görə anaclıq sahə sənaye tipli plantasiyalardan ən azı 500 m məsafədə yerləşməlidir. Moruq və böyürtkən anaclığı üçün yüngül, münbit torpaqlar, əsasən də gilli-qumlu torpaqlar daha əlverişlidir. Qrunt suları torpaq səthindən ən azı 80...100 sm dərinlikdə yerləşməlidir, pH 6,5-dən çox olmamalıdır.
Anaclıq plantasiya salınmazdan əvvəl sahəyə yaşıl gübrə məqsədilə paxlalı ot bitkilərinin toxumları səpilməlidir. Torpaq əkin üçün hazırlandıqda şum altına 80...100 t/ha hesabı ilə üzvi gübrə və 90...120 kq/ha hesabı ilə fosfor və kalium gübrələri verilir. Torpaq erkən yazda ayrıqotunun cücərtiləri əmələ gəlməmişdən əvvəl 4...6 kq/ha hesabı ilə ammiaklı su ilə fumiqasiya edilir. Şumdan əvvəl və sonra sahəyə 32...40 kq/ha hesabı ilə trixlorasetat natrium verilir. Eyni zamanda payızda şumdan əvvəl torpaq 6...8 kq/ha hesabı ilə simazin məhlulu ilə işlənir.
Əsasən 30...40 sm dərinliyində şum aparılır (Şəkil 3.13).
Anaclıq plantasiyanın payızda (sentyabr-oktyabr) salınması daha məqsədəuyğundur (Şəkil 3.14).
Anaclıqda bitkilərin optimal qida sahəsi 3-4 x 0,5-0,6 m təşkil edir. Eyni zamanda müxtəlif sortlar arasında məsafə ən azı 5 m saxlanmalıdır. Anaclıq salınarkən bitkilərin əkilmə dərinliyi 5 sm-dən çox olmalıdır.